"Gürcüstan Arzusu'' koalisiyası irəlidədir

Zəlimxan Məmmədli: “Dünən biri-birlərinə rəqib olan Saakaşvili və İvanişvili bu gün dövlətin maraqları naminə biri-birinin əlini sıxmağa razıdır”

Gürcüstan mətbuatının məlumatına görə, Gürcüstan Mərkəzi Seçki Komissiyası (MSK) seçkilərdə müxalifətin ''Gürcüstan Arzusu'' koalisiyasının qabaqda olduğunu açıqlayıb. MSK saytında yerləşdirilmiş ilk rəsmi, amma qəti olmayan nəticələrə görə 73 seçki bölgəsindən hələ 26-sının səsləri hesablanıb və bu hesablamalara görə Bidzina İvanişvilinin lider olduğu ''Gürcüstan Arzusu'' koalisiyası səslərin 51.6%-ni, prezident Mixail Saakaşvilinin rəhbərlik etdiyi Birləşmiş Milli Hərakat Partiyası isə səslərin 43%-ni toplayıb. MSK sədri Zurab Haratişvili verdiyi açıqlamada hesablama əməliyyatlarının davam etdiyini və nəticələrin komissiyanın saytında yerləşdiriləcəyini bildirib. Gürcüstanda dünən keçirilən parlament seçkilərində 14 partiya və 2 seçki koalisiyası parlamentdəki 150 yer üçün mübarizə aparıb. Səsvermə qurtardıqdan sonra Tiflisdə tərəfdarları qarşısına çıxan, onu dəstəkləyənlər təşəkkür edən İvanişvili: "Bizim məqsədimiz ölkəni birləşdirməkdir!". Bunun arxasından müxalifətçilər paytaxdakı "Azadlıq" meydanında "Biz qalib gəldik!" şüarlarını səsləndiriblər. Qeyd edək ki, səsvermənin nəticələrinə görə, prezident Mixail Saakaşvilini dəstəkləyənlər Gürcüstanın bölgələrində, Bidzina İvanişvilini dəstəkləyənlər isə paytaxt Tiflisdə üstünlük təşkil edir. MSK isə səsvermələrin nəticələrini tam açıqlamayıb. Məsələyə münasibət bildirən politoloq Zəlimxan Məmmədli deyib: "Tamamilə deyə bilərik ki, Gürcüstanda seçkilər demokratik şəkildə keçirildi. Hər iki tərəf - həm müxalifət, həm də iqtidar seçkilərin keçirilməsindən razıdır. Dünən biri-birlərinə rəqib olan Saakaşvili və İvanişvili bu gün dövlətin maraqları naminə biri-birinin əlini sıxmağa razıdır. Seçkilərin nəticələri hələ tam olaraq açıqlanmayıb. Amma, tam dəqiq olmayan nəticələrə görə, müxalifət nisbətən öndədir. Majoritar sistemdə 77 nəfər deputatla Saakaşvili, proporsional sistemdə isə İvanişvili üstündür". "OLAYLAR" İA

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31