Azərbaycanda əmək pensiyaçılarının 371 137 nəfəri ahıl vətəndaşlardır
1 Oktyabr 2012 14:22 İqtisadiyyat30.09.2012-ci il tarixə olan statistikaya əsasən, Azərbaycanda əmək pensiyaçılarının 371 137 nəfəri ahıl vətəndaşlardır. Onlardan 147 934 nəfəri kişi, 223 203 nəfəri isə qadındır. BMT-nin Baş Məclisi 1992-ci ildə ahılların müdafiəsi ilə bağlı Qətnamə qəbul etmişdir və həmin Qətnamənin prinsiplərinə uyğun olaraq hər il oktyabr ayının 1-i bütün dünyada Beynəlxalq Ahıllar Günü kimi qeyd olunur. Xalqımızın ümummilli lideri Heydər Əliyev 22 iyun 2001-ci il tarixində "Ahıllara sosial xidmət haqqında" Azərbaycan Respublikasının Qanununu imzalamışdır. Qanuna əsasən, ölkədə 70 yaşına çatmış Azərbaycan Respublikası vətəndaşları, habelə Azərbaycan Respublikasında daimi yaşayan əcnəbi və vətəndaşlığı olmayan şəxslər ahıl hesab olunur.
Hazırda ahıl pensiyaçıların 275 723 nəfəri 70-80 yaş arası, 86530 nəfəri 80-90 yaş arası, 8884 nəfəri 90-dan artıq yaşı olan vətəndaşlardır. ("OLAYLAR"İA)