ARDNŞ-də Böyük Britaniya nümayəndə heyəti ilə görüş keçirilib
26 Sentyabr 2012 20:18 İqtisadiyyatARDNŞ rəhbərliyi ilə Böyük Britaniyanın ölkəmizdə səfərdə olan tanınmış şirkətlərinin və universitetlərinin nümayəndələri arasında görüş keçirilib. Şirkətdən "Azadinform"a verilən məlumata görə, görüşdə ARDNŞ-nin Kapital Qoyuluşları, İqtisadiyyat və Uçot, Təchizat, Təlim, Tədris və Sertifikatlaşdırma idarələrinin, İnformasiya Texnologiyaları, İnsan Resursları departamentlərinin və Bakı Ali Neft Məktəbinin rəhbərləri iştirak ediblər. ARDNŞ-nin kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov Azərbaycanın bütün dünyada qədim neft ölkəsi kimi tanındığını bildirib, son illər ölkədə həyata keçirilən qlobal və regional əhəmiyyət daşıyan neft-qaz layihələri barədə ətraflı məlumat verərək, həmin layihələr çərçivəsində əldə olunmuş nailiyyətlərdən, xüsusilə, Avropanın enerji təhlükəsizliyi baxımından Azərbaycanın önəmli rol oynamasından geniş söz açıb, SOCAR-ın yeni layihələri ilə qonaqları tanış edib. Nümayəndə heyətinin rəhbəri Fəridə Alp Valter, həmçinin müxtəlif şirkətlərin təmsilçiləri - European Diesel Services şirkətinin menecer direktoru Michael Gore, İnterpover İnternational LTD-nin direktoru Justin Hudson, Technikal Solutions İnternational LTD-nin rəhbəri Daniel Engstrum, Aston Universitetinin nümayəndəsi Malcolm Both, Bradford Universitetinin nümayəndəsi Karen Jackson, Cable Management Prodducts şirkətinin marketinq meneceri Paul Gretton və başqaları təmsil etdikləri qurumların fəaliyyət sahələri haqqında ARDNŞ nümayəndələrinə ətraflı məlumat veriblər.
Qeyd olunub ki, hazırda ARDNŞ tərəfindən respublikamızda və xarici ölkələrdə həyata keçirilən yeni layihələr görüşdə iştirak edən bütün şirkətlərlə geniş əməkdaşlıq üçün imkanlar açır. Bunun üçün əlaqələr intensivləşməli, təkliflər iqtisadi baxımından əsaslandırılmalı və reallığı əks etdirməlidir. Sonda nümayəndə heyətinin üzvlərini maraqlandıran suallar müvafiq idarə rəhbərləri tərəfindən cavablandırılıb.