Fermerlər soyuducu anbarlardan niyə istifadə edə bilmir? - MÖVQE
Vahid Məhərrəmov: “Saxlanma anbarlarında qiymətlər müxtəlifdir”
26 Sentyabr 2012 13:35 İqtisadiyyatSon zamanlar kənd təsərrüfatı məhsullarının vaxtından əvvəl sıradan çıxması halları ciddi problemə çevrilib. Eksperlər hesab edir ki. bununla bağlı ciddi addımlar atılmazsa yaxın zamanda yerli məhsulların yerini xarici məhsullar tutacaq. Qeyd edək ki, indiyə qədər Sahibkarlara Kömək Milli Fondu tərəfindən ümumi tutumu 126,2 min ton olan 38 soyuducu anbarın tikintisinə 73,2 milyon manat güzəştli kredit verilib. Bu soyuducu anbarlar demək olar ki, bütün bölgələri əhatə edir. Belə ki, Qubada 5, Xaçmazda 5, Tovuzda 3, Salyanda 2, Göyçayda 1, Cəlilabadda 2 soyuducu anbarların tikilib. Ancaq buna baxmayaraq fermerlərin soyuducu anbarlardan istifadəsi demək olarki, aşağı səviyyədədir. Məsələyə münasibət bildirən İqtisadi Tədqiqatlar Mərkəzinin aqrar siyasət üzrə eksperti Vahid Məhərrəmov deyir ki, indiyədək meyvə-tərəvəzin hamısı satılmadığı üçün, yaz-yay məhsullarını qışa, payıza, payız və qış məhsullarını isə yaza və yaya saxlamaq lazım gəlir. Bu zaman da məhsullar xarab olur. Demək olar ki, yığılan məhsulların 30 faizdən çoxu zay olurdu:"İndi isə kənd təsərrüfatı məhsullarının saxlanılması üçün müəyyən şərait yaradılıb. Hardasa 70 min ton kənd təsərrüfatı məhsulu, meyvə və tərəvəzi saxlamaq üçün xüsusi soyuducu anbarlar inşa edilir. 40 min tona yaxın tutumu olan anbarlar artıq təhvil verilib. Digərlərində isə iş yekunlaşmaq ərəfəsindədir". Vahid Məhərrəmov deyir ki, soyuducu anbarlar hələlik yetərli deyil. "Araşdırmalarımıza əsasən deyə bilərəm ki, 500 min tona yaxın meyvə-ərəvəz xarab olur. Amam hazırda soyuducu kameralar bu məhsulların yalnız 10 faizdən bir qədər çox hissəsini saxlaya bilir. Nəzərə alsaq ki, biz əsasən xarici bazara nar, xurma, kartof, pomidor, xiyar ixrac edirik. Bu da xüsusilə Gəncə, Qazax, Göyçay rayonlarıdır. Bu bölgələrdə mövcud potensialı nəzərə alaraq planlaşdırılmalıdır ki, həmin bölgələrdə belə saxlama kameraları çox tikilsin. Ona görə də bu istiqamətdə işləmək lazımdır". Vahid Məhərrəmov həmçinin onu da bildirdi ki, saxlanma anbarlarında qiymətlər müxtəlifdir. Əgər bir ayda Salyanda 1 ton məhsul üçün 50 manat alırlarsa, Tovuzda bu 20 manatdır.