Fermerlər texnika axtarışına çıxıblar - ARAŞDIRMA
Məhsul isə sahədə məhv olur
25 Sentyabr 2012 17:53 İqtisadiyyatRegionların sosial-iqtisadi inkişafı ilə bağlı həyata keçirilən Dövlət Proqramının icrası nəticəsində bir sıra uğurlara imza atılıb. Xüsusən, rayon və səhərlərdə təşkil olunan kommunal xidmətlər insanlar üçün xeyli rahatlıq yaradıb. Məlumat üçün qeyd edək ki, indi respublikanın əksər rayonları qaz və su ilə təmin edilib, küçə və xiyabanları asfaltlaşdırılıb. Yəni, insanların tam olmasa da, müəyyən həddə rahatçılığı təmin olunub. İndi rayon, xüsusən də kənd yerlərində yaşayan insanların ən çox üzləşdikləri problemlərdən biri məşğulluq məsələsidir. İnzafən birmənalı şəkildə demək olmaz ki, regionlarda məşğulluq probleminin həlli ilə bağlı heç bir iş görülməyib. Məsələ orasındadır ki, görülən işlərdən bütün vətəndaşlar yararlana bilməyib. Faktdır ki, regionlarda xeyli sayda yeni istehsal və xidmət sahələri açılıb, bu prosesə yerli və əcnəbi iş adamları cəlb olunaraq kifayət qədər sərmayə yatırıblar. Elə həmin müəssisələrdə şalışan vətəndaşların əmək haqları da kifayət qədər yüksək məbləğdədir. Bundan fərqli olaraq, dövlət idarə və təşkilatlarında çalışan işçilərin əmək haqqı az olduğundan insanların dolanışığı çətinləşir. Bu kateqoriyadan olan insanların ailə büdcəsinin zəifliyi səbəbindən dolanışıq səviyyəsi aşağı olaraq qalır.
Elə regionlarda fəaliyyət göstərən sahibkarlar da müəyyən problemləri yaşamaqdadır. Bu problemlər əsasən kənd təsərrüfatı texnikasının çatışmazlığı və məhsulun satışı üçün bazarın olmamasıdır. Bu kimi problemlər Biləsuvar rayonunda da yaşanmaqdadır. Rayon sakinləri etiraf edirlər ki, son zamanlar elektrik enerjisinin verilişi, su və yolların çəkilişində xeyli işlər görülüb. Ancaq əhalinin əksər hissəsi işsiz olduğundan çətinlik içərisində yaşayır. Rayonun Ovçu Bərə kənd sakinləri ilə apardığımız söhbət nəticəsində bəlli oldu ki, hətta fermerlər sadalanan səbəblərdən sıxıntı içərisində yaşayır. Hazırda rayonda pambıq mövsümünün olmasına baxmayaraq, sakinlər heç də "ağ qızılı"ın vaxtinda yığılıb bazara çıxarılmasında istədikləri naliyyəti əldə edə bilmirlər. Sakinlərin bildirdiyinə görə, pambığın satış qiyməti əvvəlki illərdən fərqli olaraq 40 qəpiyə qədər artıb. Buna baxmayaraq, onun vaxtında yığılması və satışı problem olaraq qalır. Çünki, lazımi texnika olmadığındın pambığın əkini və yığılması əllə həyata keçirildiyindən onun əksər hissəsi elə tarlalarda qalır. Düzdür, kənd təsərrüfatı məhsullarının istehsalçısı olan hüquqi və fiziki şəxslərə hər hektar əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına görə 40 manat, "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyəti və digər hüquqi və fiziki şəxslər tərəfindən istehsalçılara satılan mineral gübrələrin dəyərinin 50 faizinin dövlət tərəfindən ödənilr. Lakin verilən vəsaitin bir hissəsi qeyri-təyinatı üzrə xərcləndiyindən sonda fermerlər çıxılmaz vəziyyətdə qalır. Məhz bu səbəbdən fermerlər "Aqrolizinq" ASC-dən kənd təsərrüfatı texnikasını istədikləri vaxt icarəyə götürə bilmirlər. Yığıma cəlb olunan günəmuzdlara isə az əmək haqqı verildiyindən onlar tarlalarda işləməkdə maraqlı deyillər. Məlumat üçün qeyd edək ki, pambıq yığımına yalnız qadınlar cəlb olunur ki, indi bir çox ailələrdə buna imkan verilmir. Evin kişiləri əsasən tikinti işlərində çalışmağa üstünlük veririlər ki, bu zaman da qarşlarına sədd çəkilir. Artıq belə bir adət yaranıb ki, rayonda tikinti işləri aparan şirkətlər öz fəhlələrini paytaxt Bakıdan gətirməyə üstünlük verirlər. Baxmayaraq ki, regionlarda kifayət qədədr ixtisaslı kadrlar işsiz qalıb.
Digər bir problem sahibkarların istehsal etdikləri məhsulu satışı üşün açıq bazarın olmamasıdır. Belə ki, sahibkarlar əldə etdikləri məhsulu xarici ölkələrə çıxara bilmir, ölkə daxilində isə bu növ məhsula tələbat olduqca azdır.
Müşahidələrimiz deməyə əsas verir ki, fermerlərin digər bir problemi kənd təsərrüfatı sahəsində biliklərinin kifayət qədər olmaması ilə bağlıdır. Üstəlik fermerlər bu sahə üzrə mütəxəssisləri cəlb etməkdə maraqlı deyillər. Elə bu səbəbdən də sahələrə lazımi aqro-texniki qulluq göstərilmir. Fermerin özü hansı fəsildə hansı məhsulun əkilməsi, hansı aqrotexniki qulluğun göstərilməsi barədə səriştəsi olmadığından istənilən nəticəni əldə edə bilmir. Məsələn, ötən il hava şəraiti ilə əlaqədar fermerlər istənilən qədər kartof, soğan, pomidor götürüblər. Bu ildə eyni vəziyyətin olacağını düşünən fermerlər heç bir mütəxəssis ilə məsləhətləşmədən ucdantutma eyni məhsilların əkilməsinə üstünlük veriblər. Nəticədə əldə edilən məhsulun bazarı olmadığından sahədəcə məhv olub. Sakinlər bildirirlər ki, kortof və soğanın kiloqramı sahədə 6-7 qəpiyə sata bilmədiklərindən məhsul torpağın altındaca qalıb. Onu da bildirək ki, sahibkarlar istehsal etdikləri məhsulları respublikanın müxtəlif ərazilərində təşkil edilən kənd təsərrüfati yarmarkalarına sərbəst şəkildə çıxara bilmədiklərindən çəkdikləri əziyyət hədər gedir.
Kənd Təsərrüfatı Nazirliyindən əldə etdiyimiz məlumata görə, cari ildə 6759 istehsalçıya 49025,72 hektara görə 50 faiz güzəştlə satılmış 9565280 kq mineral gübrə üçün 2275187,28 manat dövlət büdcəsi vəsaitinin onların hesabına ödənilməsi təmin ediləcək. Lakin etiraf edilməlidir ki, nazirliyin işi təkcə sahibkarlara dəvlət büdcəsindən alınan vəsaitin çatdırılmasını təmin etnəkdən ibarət deyil. Olkənin kənd təsərrüfatı siyasətinin müəyyən edilməsi, ərzaq təhlükəsizliyinin təmin edilməsi kimi strateji məsələlərə görə cavabdeh olduğundan ən azı öz vəzifələrinin icrasına məsuliyyətlə yanaşmalıdır. Yalnız bu halda ölkə özünü yerli kənd təsərrüfatı məhsulları ilə təmin də edə bilər. Reallıqda isə Kənd Təsərrüfatı Nazirliyi sadalanan problemlərin həlli istiqamətinda heç bir real addım atmaqda marağlı görünmür.
Alim