Unun və çörəyin qiyməti ucuzlaşacaq? - EKSPERTLƏRİN RƏYİ

AİM: “ƏDV-nin ləğv olunması taxıl ehtiyatının artmasına gətirib çıxaracaq”

Nazirlər Kabineti "Azərbaycan Respublikasının ərazisinə gətirilən, əlavə dəyər vergisindən azad olunan malların siyahısı haqqında" 2005-ci il 31 yanvar tarixli 11 nömrəli qərarında dəyişiklik edib. Nazirlər Kabineti İqtisadi İnkişaf, Kənd Təsərrüfatı, Fövqəladə Hallar, Maliyyə, Vergilər Nazirlikləri və Dövlət Gömrük Komitəsi ilə razılaşdırılmış təklifini nəzərə alaraq qəbul etdiyi qərara görə, buğda və meslin, buğda unu və ya buğda-çovdar unu əlavə dəyər vergisindən azad edilib. Hökumətin bu addımını dəyərləndirən ekspertlər  hesab edir ki, atılan addım taxıl və taxıl məhsullarının qiymətinə təsirsiz ötüşməyəcək. Aqrar İnkişaf Mərkəzindən bildirirlər ki, buğda və unun ƏDV-dən azad olması son nəticədə taxıl ehtiyatının artmasına gətirib çıxaracaq ki, bu da cari ildə çörəyin qiymətinin sabit saxlanması üçün ciddi əsas yaradır. AİM-dən onu da bildirirlər ki, ümumilikdə ƏDV-nin aradan qaldırılması müsbət addım sayılsa da bu sahədə mövcud problemlər qısa zamanda öz həllini tapmadıqca un və çörəyin qiymətinin aşağı düşəcəyini demək olmaz: "Taxıl istehsalı ilə bağlı hökumət davamlı addımlar atır. Artıq neçə illərdir ki, fermerlərə subsidiyalar verilir. Bir növ subsidiyaların verilməsi fermerlərin işinə yarayır. Aparılan araşdırmalar da onu deməyə əsas verir ki, subsidiyalar fermerlərin əlindən tutur. Belə ki, torpağın şumlanması, əkin sahələrinin gübrələnməsi prosesi aparılır. Ancaq bu sahədə müəyyən problemlərin olması ümumi məhsuldarlığa təsirsiz ötüşmür. Yəni, subsidiyaların verilməsinə baxmayaraq hələ də biz taxılı idxal edirik. Demək olar ki, daxili tələbat idxaldan asılı vəziyyətə düşüb. Bu da onunla əlaqədardır ki, bəzi hallarda fermerlər subsidiyalardan zamanında yararlana bilmir. Yerlərdə süründürməçilik halları ilə qarşılaşan fermerlər həmin vəsaitə zamanında yiyələnmədiyi üçün sahələr baxımsız qalır. Bu da son nəticədə istehsala öz təsirini göstərir". Mərkəzin ekspertləri hesab edir ki, son zamanlar sahələrdə şoranlaşma hallarının artması, əkin sahələrinin azalmasına ciddi təsir göstərir. Eyni zamanda toxumçuluq təsərrüfatlarının demək olar ki, fəaliyyətsiz qalması nəticəsində yüksək məhsul verən taxıl sortlarının yetişdirilməməsi mövcud problemin daha da qabarmasına gətirib çıxarıb. Məsələ ilə bağlı danışan kənd təsərrüfatı üzrə ekspertlər də hesab edirlər ki. buğdanın ƏDV-dən azad olması son zamanlar artmaqda olan unun qiymətinə təsir edəcək. Yaxın zamanda unun qiyməti aşağı düşəcək. Ancaq bunu çörəyin qiymətinə şamil etmək olmaz. Çünki, çörəkbişirmə sexlərində hələ də yüksək qiymətlərlə alınan undan istifadə olunur. Bununla yanaşı çörəkbişirmə sexlərində müəyyən monopoliyanın olması çörəyin qiymətinin aşağı salınmasının qarşısını alır. Onu da qeyd edək ki, Azərbaycanda idxal olunan buğda əsasən Rusiya, Qazaxıstan və Ukraynadan gətirilir. Artıq Rusiya hökuməti də ixracın məhdudlaşdırılması ilə bağlı ciddi addım atmaq niyyətində olduğunu açıqlayıb. Rusiyanın iqtisadiyyat naziri Andrey Belousov taxıl qiymətlərində artımın davam edəcəyi halda ixracaatın məhdudlaşdırılması istiqamətində addım ata biləcəklərini deyib. İxracaatın məhdudlaşdırılması ilə əlaqədar qərarın payızda verilən biləcəyinə toxunan Belousov deyib ki, taxıl ixracaatını dayandırmaqla bağlı məsələlər daxili bazarda qiymətlərlə əlaqədar. İndi artım tempi müşahidə edirik. Bu davam etsə, hökumətin ixracatı məhdudlaşdırma ehtimalı yüksəkdir. Qeyd edək ki, Rusiya 2011-ci ildə məhsuldar bir hasilat mövsümü keçirmişdi, məhsul da 94 milyon tona çatmışdı. Rusiya ötən il 25 milyon tona yaxın taxıl ixrac edib.

Ədil Ədilzadə  

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31