Vergi pozuntuları açıqlandı

Vergilər Nazirliyi operativ nəzarət tədbirləri haqqında məlumat açıqlayıb. Lent.az-ın Vergilər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, bu ilin aprel ayı ərzində əhali ilə nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması, nəzarət-kassa aparatlarından istifadə, vergi orqanlarında uçota durmadan fəaliyyət göstərən ödəyicilərin aşkarlanması, valyuta sərvətlərinin ödəniş vasitəsi olaraq qəbul edilməsi və s. kimi operativ nəzarətin əhatə funksiyalarına daxil olan məsələlər üzrə vergi orqanları tərəfindən keçirilmiş tədbirlər zamanı 2835 vergi ödəyicisində qanunvericiliyin pozulması faktları aşkarlanıb.  Nağd hesablaşmaların aparılması qaydalarının 1419 vergi ödəyicisi tərəfindən pozulduğu, 302 vergi ödəyicisi tərəfindən qanunla nəzərdə tutulmayan valyutanın ödəniş vasitəsi kimi qəbul olunduğu və valyutanın ticarət, iaşə və xidmət müəssisələrində qanunvericiliklə müəyyən edilmiş qaydalar pozulmaqla alınıb-satıldığı və ya dəyişdirildiyi, 109 vergi ödəyicisinin vergi orqanlarında uçota durmadan fəaliyyət göstərdiyi, 547 vergi ödəyicisinin xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növləri ilə belə razılıq (lisenziya) almadan məşğul olduğu müəyyənləşdirilib. Operativ nəzarət tədbirləri zamanı 255 vergi ödəyicisi tərəfindən 422 nəfər fiziki şəxsin əmək müqaviləsi bağlamadan işə cəlb edildiyi, 147 vergi ödəyicisi tərəfindən fərqlənmə nişanı olmadan avtomobil nəqliyyatı ilə sərnişin daşındığı, 26 vergi ödəyicisində aksiz markaları ilə müvafiq qaydada markalanmamış 170 ədəd mal olduğu aşkarlanıb.
Bu faktlarla bağlı qanuna müvafiq tədbirlər görülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31