50-60 qəpiklik alma 30-35 qəpik oldu
21 Sentyabr 2012 20:35 İqtisadiyyatQubada 10 gündür ki, alma bağlarında meyvə yığımına başlanılıb. "OLAYLAR" rtv.az-a istinadən məlumat verir ki, məhsuldarlığın yüksək olmasına baxmayaraq, bağ sahibləri əldə etdikləri məhsulu satmaqda problem yaşayır. Bu dəfə fermerləri narazı salan əzab-əziyyətlə yetişdirdikləri meyvənin satış qiymətlərinin aşağı olmasıdır. Alıcı sayının da az olması ötən illə müqayisədə almanın qiymətinin 2 dəfə aşağı düşməsinə səbəb olub. Belə ki, əvvəllər əldə etdiyi məhsulun 1 kq-nı 50-60 qəpik arasında dəyişən qiymətlə satan fermerlər indi bu rəqəmin 30-35 qəpiyə endiyini bildirir. Sahibkarlar bildirir ki, qiymətin aşağı olmasına təsir edən amillərdən biri də məhsulun çox hissəsinin qurdlu və çürük meyvələr ibarət olmasıdır. Onlar bunun əsas səbəbini keyfiyyətsiz dərmanlarda və havanın bir qədər qeyri-sabit keçməsində görür. Gələn alıcının isə təmiz və zərər görməyən məhsul tələb etdiyini deyən fermerlər, qalan məhsulun ya 25-30 qəpiyə zavodlara verildiyini, ya da bağda qalıb çürüdüyünü deyir. Fermerlər bildirir ki, məhsulun qiymətinin aşağı olması bağ sahiblərinin daha az işçi qüvvəsindən istifadə etməsinə səbəb olub. Almanın yeşiyi 50-60 qəpiyə yığılır ki, bu da fermerin işçi qüvvəsinə günə 15-20 manat ödəniş etməsi deməkdir. Bu isə nə fəhlənin, nə də fermerin zəhmətinin qarşılığını ödəmir. Hazırda bir yeşik almanın qiyməti 6-7 manat təşkil edir.