Avtomobil bazarı inhisardadır? - ARAŞDIRMA

Avropada qiymətlər aşağı düşsə də Azərbaycanda bu proses tərsinə cərəyan edir

Qlobal maliyyə böhranı zamanı ən ciddi zərər görən sahələrdən biri də avtomobil bazarı oldu. ABŞ-ın daşınmaz əmlak bazarından baş qaldıran böhran qısa zamanda avtomobil bazarından qiymətlərin aşağı düşməsinə gətirib çıxardı ki, bu da son nəticədə avtomobil istehsalı ilə məşğul olan şirkətlərin fəaliyyətinə mənfi təsir etdi. Baş verən problemin aradan qaldırılması istiqamətində bu yöndə fəaliyyət göstərən şirkətlər birləşmək yolunu seçsələr də problem bu günə kimi gəlib çıxıb. İndi bu sahə üzrə demək olar ki, süstlük yaşanır. Dünya üzrə avtomobillərin qiyməti yenidən aşağı düşür. Məsələyə münasibət bildirən ekspertlər hesab edir ki. qiymətlərin aşağı düşmə tendensiyası hələ bir müddət davam edəcək. Bu da onunla əlaqədardır ki, hazırda avtomobilə olan tələbat günü-gündən zəifləyir. Eyni zamanda avro-dollar münasibətlərində ciddi fərqin yaranması prosesə ciddi təsir edir. Ekspertlər hesab edir ki, dünya markalarının ciddi rəqabətinə baxmayaraq bu sahədə bir sıra problemlər var. Problemin ən ciddisi isə bir sıra Avropa ölkələrində minik avtomobillərində kütləvi  imtinası ilə bağlıdır. Fransa, İngiltərədə baş qaldıran bu proses digər ölkələrə də sirayət edib, Artıq demək olar ki. Avropa ekoloji cəhətdən təmiz və eyni zamanda az məsrəfə başa gələn velosipedə üstünlük verir. Bu isə son nəticədə minik avtomobilinə olan tələbatı azaldıb. Ekspertlər qeyd edirlər ki, indi Avropada istehsal olunan bir çox avtomobil Asiya, eləcə də dünyanın bir sıra ölkələrinə satılsa da bu ölkələrdə də tələbatın aşağı düşməsi avtomobil bazarının gələcəyi ilə bağlı bədbin proqnozların formalaşmasına gətirib çıxarıb. Azərbaycanda bu sahədə aparılan araşdırmalar onu deməyə əsas verir ki, dünyada avtomobillərin qiymətinin aşağı düşməsinə baxmayaraq bizdə bu proses tərs mütənasiblik təşkil edir. Əksinə, deyə bilərik ki, Azərbaycan maşın bazarında xarici maşınların qiymətlərində bəzən artım da müşahidə olunur. Hətta vəziyyət rəsmi distribüterlərdə də eyni cürdür. Ekspertlər isə daxili bazarla, xarici bazar arasındakı tərs mütənasibliyi müxtəlif amillərlə izah edirlər. Ekspertlər hesab edir ki, Azərbaycanda ictimai nəqliyyatın zəif inkişaf etməsi, eyni zamanda tramvay, trolleybus xidmətlərinin olmaması, metro xidmətinin ürək açan səviyyəyə qədər inkişaf etməməsi minik avtomobilinə olan tələbatı artırıb. Eyni zamanda Azərbaycanda hələ də velosiped mədəniyyətinin oturuşmaması demək olar ki, avtomobillərə olan tələbatı artırıb. Bu isə qiymətlərə də öz təsirini göstərir. Yəni, avtomobil satışı ilə məşğul olan sahibkar qiymətlərin aşağı salınmasında maraqlı deyil. Çünki, tələbat var. Bu avtomobils atışını həyata keçirən rəsmi distribüterlərə müraciətlərin çox olması onların da qiymətləri aşağı salmaqdan vaz keçməməsinə gətirib çıxarıb. Ekspertlər həmçinin onu da qeyd edirlər ki, son zamanlar AVRO 3-ə keçidlə Rusiyaya avtomobillərinin ölkəyə idxalına bir sıra qadağaların qoyulması Avropa istehsalı olan avtomobillərə tələbatı artırıb. Avropadan idxal olunan avtomobillərin qiymətinin aşağı düşməməsinə digər səbəb kimi Gömrük rəsmiləşdirilməsi göstərilsə də ekspertlər bunu ciddi amil kimi qiymətləndirmir: "Gömrük tarriflərinin avtomobillərinin qiymətinə müəyyən təsiri ola bilər. Ancaq nəzərə alsaq ki, avtomobil istehsalında qiymətlər aşağı düşür. Ancaq gömrük taarifləri dəyişmir. Belə olan halda bizdə niyə qiymətlər tərs mütənasiblik təşkil edir? Bu birbaşa onu deməyə əsas verir ki, avtomobil bazarında maraqlar toqquşur. Bu bazarda inhisarçılıq var".

Ədil Ədilzadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31