3 ilə bütün kəndlərdə genişzolaqlı internet xidmətləri olacaq
20 Sentyabr 2012 20:04 İqtisadiyyatRabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Azərbaycanda səfərdə olan Sloveniya Respublikasının baş nazirinin müavini, iqtisadi inkişaf və texnologiya naziri Radovan Zerjavın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Nazir Əli Abbasov Azərbaycan və Sloveniya arasında son illər müxtəlif sahələrdə, o cümlədən informasiya-kommunikasiya texnologiyaları sahəsində əməkdaşlığın müsbət tendensiyada inkişaf etdiyini bildirib.
Nazir qeyd edib ki, respublikada növbəti 3 il ərzində genişzolaqlı internet xidmətlərinin genişləndirilməsi, eləcə də ölkənin bütün kəndlərində bu xidmətə olan tələbatın tam ödənilməsi nəzərdə tutulur ki, bunun üçün də tələb olunan vəsait (350 milyon avro) artıq müəyyənləşib və layihənin icrası üçün hazırlıq işlərinə başlanılıb: "Hazırda Azərbaycan regional bazarda informasiya xidmətlərinin göstərilməsi üçün yetərli infrastruktura malikdir. Daxili bazarda bu xidmətlərin göstərilməsini təmin etməklə yanaşı, regional xarici bazarlarda da iştirakımızı təmin etmək niyyətindəyik. Hesab edirik ki, bu imkanlarımızdan Orta Asiya, İran, Gürcüstan kimi ölkələr yararlana bilərlər. Sloveniyaya bu sahədə xidmətlərimizi təklif etməyə hazırıq". ("OLAYLAR"İA)