“Əli market”in əmlakı siyahıya alındı
20 Sentyabr 2012 16:50 İqtisadiyyatBakı şəhəri Vergilər Departamentinin Vergi borclarının alınması idarəsinin əməkdaşları Xəzər rayonu, Buzovna qəsəbəsi, ev B-2001 123 ünvanda yerləşən, fiziki şəxs Cavadov Zakir Ağacavad oğluna məxsus (VÖEN: 1200484302) "Əli market" ərzaq mağazasında əmlakın siyahıya alınması tədbirlərini həyata keçiriblər. Nazirliyin Analitik İnformasiya şöbəsindən "Olaylar"a verilən məlumata görə, Z.Cavadovun fəaliyyəti vergi orqanı əməkdaşları tərəfindən yoxlanılarkən, onun bu ilin avqust ayında 4 min 486 manat məbləğində vergi borcunun yarandığı müəyyən edilib. Vergi ödəyicisinə avqust ayının 13-də borc bildirişi göndərilib, sentyabr ayının 17-də isə Vergi Məcəlləsinin 89-cu maddəsinə əsasən yaranmış vergi borcunun ödənilməsini təmin etmək üsulu kimi Z.Cavadova məxsus əmlakın siyahıya alınması haqqında qərar çıxarılıb. Sentyabr ayının 18-də vergi orqanı əməkdaşları tərəfindən vergi ödəyicisinə məxsus "Əli" ərzaq mağazasında 4 min 505 manat məbləğində müxtəlif növ alkoqollu içki və tütün məmulatlarının, həmçinin məişət texnikası və avadanlığının müvafiq qaydada siyahıya alınması həyata keçirilib.