Vergi qanunvericiliyinə dəyişikliklər edildi

"Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında" 29 iyun 2012-ci il tarixli AR Qanunu ilə Vergi Məcəlləsinin bəzi maddələrində dəyişikliklər edilmişdir. Qanun Azərbaycan Respublikası Prezidentinin 4 sentyabr 2012-ci il tarixli Sərəncamı ilə təsdiq edilmişdir. Bu dəyişikliklərə əsasən vergi orqanları tərəfindən kağız və elektron daşıyıcılarında dini təyinatlı ədəbiyyatın, audio və video materialların, mal və məmulatların və dini məzmunlu başqa məlumat xarakterli materialların markalanmadan satışının həyata keçirilməsi aşkar edildikdə, onları siyahıya almaq və məsul saxlamaya qoymaq vergi orqanlarının hüquqlarına aid edilmişdir. Vergi Məcəlləsinə edilən digər dəyişikliklərə əsasən kağız və elektron daşıyıcılarında dini təyinatlı ədəbiyyatın, audio və video materialların, mal və məmulatların və dini məzmunlu başqa məlumat xarakterli materialların markalanmadan və ya saxta aksiz markaları ilə markalanmaqla satılması, satış məqsədi ilə saxlanılması və ya istehsal binasının hüdudlarından kənara çıxarılması faktlarının aşkar edilməsi vergi orqanları tərəfindən həyata keçirilən operativ vergi nəzarəti formaları sırasına daxil edilmişdir. Bundan başqa "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanunu"nuna edilən əlavələrə əsasən dərman vasitələrinin, audiovizual əsərin, fonoqramın, kompüter proqramının, məlumat toplusunun, kitabın nüsxələrinin və digər müəlliflik və əlaqəli hüquq obyektlərinin, dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarında), audio və video materialların, mal və məlumatların və dini məzmunlu başqa məlumat materiallarının nəzarət markası ilə markalanması tələb olunacaqdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31