Qəhrəman neftçinin ömür yolu - PORTRET
19 Sentyabr 2012 15:16 İqtisadiyyatQarşıdan 20 sentyabr Neftçilər günü gəlir. 1994-cü il 20 sentyabrda İlk Neft sazişini imzaladı. Həmin gün Azərbaycan tarixinin gələcəyi böyük strateji planla irəliləməyə doğru getdi. Keçən dövr ərzində bu uzaqgörənliyin doğruluğu dəfələrlə sübut olunub. Azərbaycan tarixində Neft sənayesinin görkəmli yer tutduğu şübhəsizdir. Bu tarixi yaradanların hamısı böyük hörmətə layiqdirlər. Bu gün sizlərə barəsində danışacağım qəhrəman insan isə xüsusi hörmətə layiq olan Rzayev İbrahim Səlim oğludur. Azərbaycan neft sənayesinin bu günkü uğurları belə insanların zəhməti sayəsində başa gəlmişdir. Belə insanları yada salmaq və onların ömür yolunu indiki gənclərə çatdırmaq bizim mənəvi borcumuzdur. İllər illəri qovduqca belə insanların aramızdan seyrəkləşməsi bizə ağır itki olur. Belə dəyərli insanlardan biri də İbrahim Rzayevdir. Bu insan haqqında danışmağımın səbəi isə İbrahim Rzayevin öz həyatı boyu həm Vətəndaş, həm də insan kimi qəhrəmanlıq salnaməsini yazmasıdır.
1941-1945- ci illər Böyük Vətən Müharibəsində artilleriyaçı kimi iştirak edib ağır yaralanan, beş dəfə ağır əməliyyat keçirdikdən sonra onun sol ayağını xilas etmək mümkün olmadığından gənc yaşlarında sol ayağı diz hissəsindən kəsildi. Buna baxmayaraq İbrahim Rzayev öz əliliyini bəhanə gətirib evdə oturmayıb, təhsil alıb, işləyib, gözəl ailə başçısı, üç oğul qyyrətli qız böyüdüb. Bənövşə, Firəngiz və Rəhilə.
1950-ci ildən əmək fəaliyyətinin "Stalinneft" (indiki BİBİHEYBƏTNEFT NQÇİ) trestində başlayan İbrahim Rzayev Quyuların Əsaslı Təmir Sexində dispetçer, alət meydançasının müdiri, mexanik və operator vəzifələrində 54 il çalışmışdır. Müharibənin ağır yaralarına baxmayaraq 1960-cı ildə Bakı Neft Texnikomunu bitirən İbrahim Rzayev fasiləsiz işlədiyi müddət ərzində özünü işgüzar, nümunəvi və intizamlı bir neftçi kimi göstərmiş, özünün bilik və təcrübəsini gənc neftçilərə öyrətmişdir.
Müharibə illərində xidmətlərinə görə SSRİ dövləti tərəfindən "2-ci dərəcəli Vətən Müharibəsi" ordeni, "1941-1945-ci illər Böyük Vətən Müharibəsində Almaniya üzərində qələbəyə görə", "1941-1945-ci Böyük Vətən müharibəsində Qələbə", "SSRİ Silahlı Qüvvələrinin 70 illiyi" yubiley medalları, "1941-1945-ci illər müharibəsi veteranı" nişanı ilə təltif edilmişdir. 2004-cü ildən təqaüdə çıxan İbrahim Rzayev Prezident təqaüdçüsü olub, Cənab Prezident İlham Əliyevin sərəncamı ilə ev və avtomobillə təmin olunmuşdur. İbrahim Rzayev 2011-ci il iyulun 26-sı dünyasını dəyişdi. Ailəsinə və dostlarına ağır itki üz versə də yaddaşlarda gözəl insan, mehriban ata, sədaqətli ömür-gün yoldaşı kimi qalmaqdadır. İbrahim Rzayevin qızı Firəngiz xanımın atası haqqında xatirələri: "atamın ömür yolu barəsində danışmaq mənə çox ağır gəlir, lakin bir neçə xatirələrimi danışmaq istərdim. Bir valideyn kimi öz övladları qarşısında cavabdehliyini və məsuliyyətini əsil hərbçi kimi son anına qədər yerinə yetirən bir insan idi. Biz orta məktəbdə oxuyanda işdən yorğun gələn atamız əvvəlcə bizim məktəbdəki davamiyyətimizi yoxlayardı. Bizim cəmiyyətdə öz layiqli yerimizi tutmağımızı bizə aşılayardı. Bizim qardaşımız olmadığından atamız bizi oğul kimi böyütmüşdü. Atam övladlarının və nəvələrinin xoş günlərini gördü. Onların qəlbində baba məhəbbəti indi də yaşayır. Atam ömrünün son anını mənim qollarım üstə keçirtdi. Hətta atamız dünyasını dəyişəndə onun cənazəsini biz bacılar qaldırdıq. Atamın yoxluğu mənə çox pis təsir edir..." İbrahim Rzayev haqqında 39 il onunla birlikdə işləmiş və qonşusu olmuş Rübabə xanımın xatirələri: Mən BİBİHEYBƏT NQÇİ-yə gənc mütəxəssis kimi gəlmişdim. Neft quyularının əsaslı təmiri kimi ağır bir sahənin bütün sirlərini mənə İbrahim əmi öyrətdi. İşimizin bütün çətinlikləri İbrahim əminin bilik və təcrübəsi ilə asanlıqla keçirdi. Işində intizamı və məsuliyyəti ilə fərqlənən İbrahim əmi bizə də bunu aşılayırdı. Bundan başqa gözəl insan idi. O xoşbəxt ömür yolu keçdi. İbrahim əmi ona görə xoşbəxt idi ki, onun Mahizər xanım kimi həyat yoldaşı var idi və onun qayğısına qalan övladları var idi".
2011-ci il iyulun 26-sı dünyasını dəyişən İbrahim Rzayevin ailəsinə və dostlarına səbr diləyirik. Bu itki nə qədər ağır olsa da gözəl insan İbrahim Rzayevin xatirəsi onu tanıyanların ürəyində həmişə yaşayacaqdır. Allah rəhmət eləsin!
Xəyalə Süleymanqızı