Bakıda “Neft, qaz və media” konfransı keçirilib
Umud Rəhimoğlu: “Azərbaycan demokratiya məsələlərinə və kütləvi informasiya vasitələrinin müxtəlif mövzularda azad yazılarına böyük əhəmiyyət verir”
18 Sentyabr 2012 18:51 İqtisadiyyatSentyabrın 18-də Bakıda Beynəlxalq Mətbuat İnstitutunun təşkilatçılığı və Dövlət Neft Şirkətinin dəstəyi "Neft, qaz və media" konfransı işə başlayıb. Konfransa dünyanın 30-a yaxın ölkəsindən 200-dən artıq nümayəndə qatılıb. Konfransda dövlət və hökumət rəsmiləri, millət vəkilləri, kütləvi informasiya vasitələrinin rəhbərləri iştirak edib. Konfransın açılış mərasimində çıxış edən Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Azərbaycan prezidenti İlham Əliyevin konfrnas iştirakçılarına təbrik məktubunu oxuyub. Dövlət başçısının toplantı iştirakçılarına ünvanladığı məktubda qeyd olunur ki, "Neft, qaz, media" konfransı bu sahənin bütün aktual mövzuları üzrə rəy mübadiləsi üçün gözəl imkan yaradır. Prezidentin məktubunda bildirilir ki, neftin hasilatı və daşınması, eləcə də əldə olunmuş gəlirlərin idarə edilməsi də daxil olmaqla, enerji sahəsindəki məsələlər daim beynəlxalq kütləvi informasiya vasitələri nümayəndələrinin diqqət mərkəzində olur. Azərbaycanın öz neft hasilatı ənənələri ilə tanındığını, daim bu sahədə qabaqcıl təcrübəsi ilə fərqləndiyini konfrans iştirakçılarının diqqətinə çtdıran prezident vurğulayıb ki, ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində müstəqil Azərbaycanın neft strategiyasının bünövrəsi qoyulub. Bu siyasət Xəzərin karbohidrogen ehtiyatlarının dünya bazarlarına ixracı işində hərtərəfli beynəlxalq əməkdaşlıq üçün imkan açıb. Dövlət başçısı ölkədə neft və qaz ixracı marşrutlarının diversifikasiyası məsələlərinə böyük diqqət ayrıldığını xüsusilə vurğulayıb. Bildirib ki, "Mədən sənayesində şəffaflıq təşəbbüsü" proqramına qoşulmuş Azərbaycan neft hasilatından daxil olan gəlirlərin idarə edilməsi sahəsində ictimai nəzarətin və beyəlxalq auditin həyata keçirilməsi üçün hər bir zəruri şəraiti yaradıb. Dövlət başçısı qeyd edib ki, bu kontekstdə Azərbaycanda yaradılmış Dövlət Neft Fondu beynəlxalq institutlar tərəfindən ən yüksək qiymət alıb. Bu fondun ehtiyatları təkcə gələcək nəsillər üçün saxlanılmır, həm də millətin rifahının yüksəldilməsi və demokratik islahatlara xərclənir. Azərbaycan Respublikasının prezidenti ölkədə rəy plüralizmi və söz azadlığına zəmanət verildiyini, kütləvi informasiya vasitələrinin fəaliyyəti, o cümlədən də neft-qaz sahəsinin işıqlandırılması üzrə fəaliyyət üçün ən əlverişli şərait yaradıldığını xüsusilə qeyd edib.
Konfransda çıxış edən Beynəlxalq Mətbuat İnstitutunun icraçı direktoru Elison Betel MakKenzi deyib ki, kütləvi informasiya vasitələrinin azad və müstəqil olması vacibdir. Onun sözlərinə görə, kütləvi informasiya vasitələri cəmiyyətdə əsas və demokratik proseslərdə vacib rol oynayırlar: "Xüsusilə neft-qaz sahəsində şəffalıq vacibdir. Kütləvi informasiya vasitələri ilə bütün sahələrdə qarşılıqlı əlaqə olmalıdır". Beynəlxalq Mətbuat İnstitutunun icraçı direktoru onu da qeyd edib ki, Azərbaycan neft və qaz sahəsində qədim tarixə malikdir.
Neft və qaz sahəsində əhəmiyyətli mövqeyə malik olan Azərbaycanda bu konfransın keçirilməsi böyük önəm kəsb etdiyini deyən BMİ rəsmisinin sözlərinə görə, neft və qaz dünyanın ən çox gəlir gətirən sahələrindən biridir və bu sahədə Azərbaycanda kifayət qədər inkişaf vardır: "Bu konfrans yerli və xarici jurnalistlərə mütəxəssislər ilə dialoqlar aparmağa, sektorun Azərbaycanda və beynəlxalq aləmdə inkişafı haqqında lazımi məlumatlar almağa şərait yaradacaqdır".
Ölkəmizdə bu sahənin inkişaf tarixinə toxunan qonaq vurğulamışdır ki, Azərbaycanın neft sənayesinin qədim tarixi vardır. Azərbaycanda siyasi, iqtisadi, eləcə də neft qaz sahəsində böyük dəyişikliklər və sürətli inkişaf davam edir. Bu cür konfranslar baş verən dəyişikliklər və inkişaf barədə ictimaiyyəti məlumatlandırmaq üçün böyük əhəmiyyətə malikdir.
Beynəlxalq Mətbuat İnstitutunun Azərbaycan Milli Komitəsinin sədri Umud Rəhimoğlu bildirib ki, Azərbaycan demokratiya məsələlərinə və kütləvi informasiya vasitələrinin müxtəlif mövzularda azad yazılarına böyük əhəmiyyət verir. Umud Rəhimoğlu qeyd edib ki, Bakıda keçirilən "Neft, qaz və media"konfransı jurnalistlərin ümumi dəyərlərini birləşdirir və onların həmrəyliyini nümayiş etdirir: "Neft-qaz sahəsi daim beynəlxalq kütləvi informasiya vasitələrinin də diqqət mərkəzindədir və bu sahədəki bütün məlumatların ictimaiyyətin diqqətinə çatdırılmasında mühüm rol oynayır. Bu günkü konfrans da fikir mübadiləsi və əməkdaşlığın dərinləşdirilməsi üçün yaxşı imkandır. Umud Rəhimoğlu çıxışında Azərbaycanda mətbuat sahəsində atılan müsbət addımlardan da danışıb və kütləvi informasiya vasitələrinə dövlət tərəfindən göstərilən diqqət və qayğı barədə iştirakçıları məlumatlandırıb. Bildirib ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkədə senzura ləğv edilib, Azərbaycan Mətbuat Şurası yaradılıb. Həmçinin mətbuata dövlət dəstəyini artırmaq məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradılıb. Beynəlxalq Mətbuat İnstitutunun Azərbaycan Milli Komitəsinin sədri deyib ki, mütəmadi olaraq adı çəkilən fond tərəfindən kütləvi informasiya vasitələrinə maliyyə yardımı ayrılır, qəzetlərin layihələri maliyyələşdirilir ki, bu da ümumilikdə Azərbaycanda mətbuatın inkişafına təkan verir. Umud Rəhimoğlu Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və bu münaqişənin ağır nəticələrindən də söz açıb. Bildirib ki, sözügedən münaqişə və Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi təcavüzkarlıq siyasəti nəticəsində 1 milyondan artıq insan öz yurd-yuvasından didərgin düşərək qaçqın və məcburi köçkünə çevrilib. Həmçinin Azərbaycan ərazilərinin 20 faizi Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib. BMİ-nin Azərbaycan Komitəsinin sədri bu günə qədər də Azərbaycan ərazilərinin erməni işğalı altında saxlanıldığını diqqətə çatdırıb. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin kütləvi informasiya vasitələrinin təmsilçilərinə də təsirsiz ötüşmədiyini deyən Umud Rəhimoğlu Qarabağ müharibəsi zamanı 3-ü xarici ölkə KİV nümayəndəsi olmaqla ümumilikdə 10 jurnalistin ermənilər tərəfindən qətlə yetirildiyini vurğulayıb.
Daha sonra çıxış edən sənaye və energetika naziri Natiq Əliyev də "Neft, qaz və media" konfransının Azərbaycanda keçirilməsinin əhəmiyyətindən danışıb. Azərbaycanda uğurla həyata keçirilən neft strategiyasının əsasının ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu deyən nazir bu gün də həmin siyasətin cənab prezident İlham Əliyev tərəfindən davam etdirildiyini söyləyib Natiq Əliyev deyib ki, Azərbaycan 90-cı illərdən neft hasilatını 5,5, qaz hasilatını isə 4 dəfə artırıb. Sənaye və energetika naziri bildirib ki, Azərbaycanda 2011-ci ildə 25,5 milyard. kubmetr qaz hasil olunub: "Həyata keçirilən uğurlu neft və qaz siyasəti nəticəsində Azərbaycan əsas qaz ixracatçısına çevrilib. 2010-cu ildə "Ümid" yatağının kəşfi Azərbaycanın qaz potensialını daha da artırdı. Bu yatağın proqnozlaşdırılan gücü 200 milyard. kubmetr təşkil edir. 2011-ci ildə kəşf edilən Abşeron yatağında isə 350 milyard. kubmetr qaz ehtiyatları mövcuddur. Bununla da Azərbaycanın təsdiq olunmuş qaz ehtiyatları 550 milyard. kubmetrə çatır". Nazir onu da deyib ki, Azərbaycan neft və qaz ixracatçısı kimi Xəzər, Qara və Aralıq dənizində qlobal layihələrin iştirakçısıdır. Bu isə milli iqtisadiyyat üçün yeni imkanlar yaradıb: "Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə isə 2011-ci ildə 38 milyon ton neft ixrac edilib: Kəmərlə indiyə qədər 204 milyon ton xam neft dünya bazarlarına çıxarılıb. Boru kəmərinin ötürücülük gücü isə 1 milyon barreli keçib və ötən ilin ixrac dövründə neft və qaz kəmərləri ilə dünya bazarlarına 38,9 milyon ton xam neft və 7,01 milyard kubmetr qaz ixrac edilib. Kəmər 2006-cı ildə istismara veriləndən bəri BTC ilə dünya bazarlarına 204 milyon ton xam neft göndərilib. Bakı-Tbilisi-Erzurum boru kəməri ilə isə 24,1 milyard. kubmetr qaz ixrac edilib. Bunun 20 milyard kubmetrdən artığı Türkiyəyə tədarük olunub". Natiq Əliyev çıxışında Azərbaycanın qlobal enerji layihələrinin əsas iştirakçılarından birinə çevrildiyini qeyd edib. Nazir cari ilin iyul ayında Azərbaycanla Türkiyə arasında imzalanan TANAP layihəsinin əhəmiyyətinə də toxunub. Daha sonra çıxış edən Beynəlxalq Mətbuat İnstitutunun direktor müüavini Antoni Mills, Kolumbiya Universitetindən Körts Breynard, almaniyalı araşdırmaçı Yurqen Rot, Tabaqodan baş enerji reportyoru Kurtis Uilyams "Neft, qaz və media" konfransının əhəmiyyəti barədə danışıblar. Natiqlər neft və qaz mövzusuna daim mətbuatın diqqət ayırdığını vurğulayıblar. Günün ikinci yarısında konfrans risk və mükafatlandırma, tədqiqat, çıxarma və təhlükəsizlik mövzularında panel iclasları işini davam etdirib.
Qeyd edək ki, iki gün davam edəcək "Neft, qaz və media" konfransının məqsədi mediada neft və qazın rolunu müəyyənləşdirmək, neft-qaz sahəsində yazan jurnalistlərlə enerji tərəfdaşları arasında əlaqələri inkişaf etdirmək, enerji istehsalçısı olan dövlətlərin birgə səyi ilə mütərəqqi medianın inkişafını asanlaşdırmaqdan ibarətdir.
Süleyman İsmayılbəyli