Azərbaycan transmilli layihələrin müəllifi kimi tanınır

Azərbaycan neft-qaz mövzusunda yazan dünyanın məşhur jurnalistlərinin beynəlxalq forumunun Bakıda keçirilməsini yüksək qiymətləndirir. "OLAYLAR"-ın xəbərinə görə, belə bir açıqlama ilə çıxış edən Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib ki, konfransda Azərbaycanın müasir dünyanın enerji təhlükəsizliyindəki rolu, ölkəmizin karbohidrogen ehtiyatlarının bölgənin inkişafında rolu, Azərbaycan və bölgənin geosiyasi məsələləri, Xəzər neftinin və qazının alternativ marşrutlarla dünya bazarlarına çıxarılması və digər məsələlərlə bağlı çıxışlar olacaq: "Düşünürük ki, bizim də neft-qaz ölkəsi kimi, dünyadakı önəmli rolumuz, neft-qaz məhsullarımızın dünyanın geoiqtisadiyyatında yaratdığı yeniliklər haqqında bu konfransda məlumat veriləcək. "Neft, qaz və media" konfransının əhəmiyyəti ondan ibarətdir ki, beynəlxalq media qurumları Azərbaycanda istehsal olunan neft və qazın nəqli, gəlirlərin idarə olunması, şirkətlər üçün qanun çərçivəsində yaradılan şərait və digər məsələlərlə yaxından tanış olacaqlar.". Şöbə müdiri deyib ki, Azərbaycanın kütləvi informasiya vasitələri tam sərbəst şəkildə neft və qaz sahəsindən yazmaq, araşdırmalar aparmaq imkanına malikdirlər. Ölkəmizdə bu sahənin işıqlandırılması üçün heç bir problem yoxdur. Əli Həsənovun sözlərinə görə,  postsovet ölkələri içərisində Azərbaycan neft-qaz məhsulları, karbohidrogen ehtiyatları, onların zənginliyi və bu sahədə son 10 ildə reallaşdırılan böyük transmilli layihələrin müəllifi və təşəbbüskarı kimi tanınır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31