Bakıda keçiriləcək neft qaz media konfransına kimlər gələcək?
U.Rəhimoğlu: “Bu mötəbər tədbirə dünyanın çox nüfuzlu media qurumlarının nümayəndələri, müxtəlif ölkələrin neft-qaz üzrə mütəxəssisləri, alimləri gəlirlər”
14 Sentyabr 2012 13:52 İqtisadiyyatXəbər verildiyi kimi, bu il 17-19 sentyabrda Bakıda Beynəlxalq Mətbuat İnstitutu tərəfindən (BMİ) Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) dəstəyi ilə "Neft, Qaz və Media" konfransı keçiriləcək. Konfransda Azərbaycan jurnalistləri də daxil olmaqla dünyanın müxtəlif ölkələrindən 200-dən çox media nümayəndəsinin qatılacağı gözlənilir. Bir müddət əvvəl konfransla bağlı ətraflı məlumatların yer aldığı www.ipioilgasmedia2012.com saytı da fəaliyyətə başlayıb. Artıq dünyanın 27 ölkəsinin neft mütəxəsisləri, alimləri və media nümayəndələri konfransda iştirakını təsdiq edib. Onların sırasında ABŞ, Böyük Britaniya, Almaniya, Avstriya, İtaliya, İsveçrə, Bolqarıstan, Xorvatiya, Macarıstan, Türkiyə, Rusiya, Gürcüstan, Nigeriya, Cənubi Afrika kimi ölkələr də var.
Bu barədə BMİ-nin Azərbaycan Milli Komitəsinin və konfransa hazırlıq üzrə Təşkilat Komitəsinin rəhbəri Umud Rəhimoğlu məlumat verib. Onun sözlərinə görə, bu mötəbər tədbirə dünyanın çox nüfuzlu media qurumlarının nümayəndələri, müxtəlif ölkələrin neft-qaz üzrə mütəxəssisləri, alimləri gəlirlər. Dünyanın ən nüfuzlu ali elm ocaqlarının - Kolumbiya, Corc Vaşinqton, Texas universitetlərinin neft-qaz üzrə çox məşhur professorları, aparıcı ekspertləri öz məruzələri ilə konfransa qatılacaqlar. "Reuters", "Financial Times", "Əl-Cəzirə", "Forbes", "The Dallas Morning News" kimi dünyanın aparıcı media qurumlarının çox nüfuzlu nümayədnələri də konfransın işində yaxından iştirak edəcəklərini təsdqiləyiblər.