Dünyanın ən sürətli videokartı yaradılıb
2 May 2012 20:31 İqtisadiyyat"Nvidia" şirkəti daxili tədqiqatlarına əsasən dünyanın yeni ən sürətli "GeForce GTX 690" videokartını buraxdığını elan edib. Lent.az-ın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, "GeForce GTX 690" 28-nanometrlik son nəsil "Kepler" arxitekturasında iki prosessorla təchiz edilib, alümin çərçivə və korpusu yüksək istilikvermənin qarşısını almaq üçün maqnezium ərintilərindən hazırlanan ventilyatora malikdir. Ümumilikdə videokartda 3072 nüvə mövcuddur və o 512 bit interfeysli 4 giqabaytlı GDDR5 videoyaddaşla komplektləşdirilib. Qrafik nüvənin baza tezliyi 915 meqahersə bərabərdir. "Nvidia GPU Boost" texnologiyası bu göstəricini avtomatik olaraq 1019 meqahersədək artırmağa imkan verir. Öz növbəsində yaddaş 6000 meqahers tezliyində işləyir. Kartın enerji sərfiyyatı 300 vatt təşkil edir.
Videokartların məhdud həcmli tədarükünə mayın 3-də, tam həcmdə isə mayın 7-də başlanılacaq. Kartları "Asustek", EVGA, "Gainward", "Galaxy", "Gigabyte", "Inno3D", MSI, "Palit" və "Zotac" şirkətləri buraxmağı planlaşdırır. Kartların qiyməti 999 dollar olacaq.