Böyük Vətən Müharibəsi əlilləri ilə iştirakçılarının statusu eyniləşdirilir

Sentyabrın 13-də Milli Məclisin  Sosial siyasət komitəsi 2012-ci il payız sessiyası ərəfəsində  ilk iclasını keçirib. İclasda  "Əmək pensiyaları haqqında" qanuna dəyişikliklər edilməsi məsələsi müzakirə  olunub. Sözügedən qanuna dəyişikliklər barədə məlumat verən MM-in sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli bildirib ki, sənəd qanunvericilik təşəbbüsü ilə ölkə prezidenti tərəfindən göndərilib. Komitə sədrinin qeyd etdiyinə görə,  mövcud qanunvericilikdə Böyük Vətən Müharibəsi əlilləri ilə bu müharibənin iştirakçıları ayrı-ayrı bölmələrdə veriliblər: "Ancaq dövlət başçısının imzası ilə parlamentə göndərilən qanun layihəsində qeyd olunur ki, Böyük Vətən Müharibəsi əlilləri ilə iştirakçıları eyni qrupda, eyni bölmədə birləşdirilsinlər. Daha doğrusu, 3-cü qrup Böyük Vətən Müharibəsi əlilləri ilə sözügedən müharibənin iştirakçısı olan, lakin əlil olmayan şəxslərin imtiyazları eyniləşdirilir. Bu günə kimi əgər onların pensiyalarının baza hissəsi  50 faiz nəzərdə tutulurdusa, bu dəyişiklikdən sonra həmin rəqəm 50-dən 90-a qaldırılacaq. Bunun özü də hesab edirəm ki, çox önəmli və əhəmiyyətli bir addımdır". Komitənin sədr müavini Musa Quliyev qeyd edib ki, bu imtiyazlar Qarabağ müharibəsi veteranları üçün də tanınmalıdır: "Bu gün elə Qarabağ müharibəsi iştirakçısı və veteranı var ki, artıq pensiya yaşı həddinə  çatıblar. Ona görə  Böyük Vətən Müharibəsi iştirakçıları və veteranları üçün tanınan imtiyazlar pensiya yaşına çatmış Qarabağ müharibəsi iştirakçıları və veteranları üçün də nəzərdə tutulmalıdır. Yoxsa bu, elə bəri başdan müəyyən söz-söhbətlərə və narazılıqlara gətirib çıxara bilər". Müzakirələrdən sonra adı çəkilən qanun layihəsi MM-in plenar iclasına tövsiyə olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31