Azərbaycanla İsveçrə arasında daha bir saziş imzalandı
13 Sentyabr 2012 15:04 İqtisadiyyatSentyabrın 13-də Bakıda Azərbaycan hökuməti ilə İsveçrə Konfederasiyası hökuməti arasında "Kapital bazarlarının müasirləşdirilməsi layihəsinə dair texniki yardım haqqında" sazişin imzalanma mərasimi keçirilib. Tədbiri giriş sözü ilə açan Qiymətli Kağızlar üzrə Dövlət Komtəsinin sədri Rüfət Aslanli son vaxtlarda dünya iqtisadiyyatındakı vəziyyət barədə məlumat verib. 2009-cu il tənəzzülündən sonra dünya iqtisadiyyatında iqtisadi artım olduğunu deyən komitə sədri bildirib ki, iqtisadi artım əhalinin artım üstələyib. Belə ki, son 3 ildə dünya əhalisi 1 faiz artdığı halda, dünyada iqtisadi artım 1,6 faiz olub. Kapital bazarında artım isə 11 faizdən çox olub. Son dövrlər ölkədə aparılan uğurlu iqtisadi siyasət nəticəsində Azərbaycan iqtisadiyyatında da yüksək nəticələr əldə edildiyini deyən Rüfət Aslanlı bildirib ki, bu nailiyyətlər davam etməkdədir. İmzalanan layihə də bu sahəyə müsbət təsir edəcək: "Layihə 4 istiqaməti əhatə edir və ümumi dəyəri 15,8 milyon dollardır. Bu vəsaitin 12 milyon dolları Dünya Bankının, 2,2 milyonu Azərbaycan hökumətinin və 1,6 milyon dolları isə İsveçrə Konfederasiyasının payına düşür". R.Aslanlı bildirib ki, artıq layihənin operatoru da seçilib: " Artıq sentyabrın sonundan etibarən layihənin daha geniş icrasına başlanacaq. Əminəm ki, layihə çərçivəsində qarşıya qoyulan məqsədlərə nail olunacaq. Azərbaycan hökumətinin əsas istiqamətlərindən biri ölkədə kapital bazarının inkişaf etdirilməsidir. Bu məqsədlə ötən ilin mayında Prezident İlham Əliyev tərəfindən "Azərbaycanda 2011-2020-ci illərdə qiymətli kağızlar bazarının inkişafı" Dövlət Proqramı imzalanıb. Azərbaycanda kapital bazarlarının modernləşdirilməsi proqramı çərçivəsində İsveçrə ilə geniş əməkdaşlıq həyata keçirilir". Tədbirdə çıxış edən İsveçrə Konfederasiyasının Azərbaycandakı səfiri Sabine Ulman da Azərbaycan-İsveçrə əməkdaşlığından danışdı və bu əməkdaşlığın genişlənməsində hər iki ölkənin maraqlı olduğunu vurğuladı.
Sonda "Kapital bazarlarının müasirləşdirilməsi layihəsinə dair texniki yardım haqqında" saziş imzalandı. Sənədi Azərbaycan tərəfindən Qiymətli Kağızlar üzrə Dövlət Komtəsinin sədri Rüfət Aslanli, İsveçrə tərəfindən isə bu ölkənin Azərbaycandakı səfiri Sabine Ulman imzaladı.
Samir