Qara günlərini yaşayan “ağ qızıl” - ARAŞDIRMA
Pambıqçılığın məhv edilməsi dövlət büdcəsinə ciddi ziyan vurur
10 Sentyabr 2012 15:59 İqtisadiyyatƏnənəvi kənd təsərrüfatı məhsullarından olan pambıqçılıq bu gün ağır günlərini yaşayır. "Ağ qızıl" kimi el arasında özünə ad qazanan pambıq "qara qızıl"ın fonunda görünməz olub. Bu sahəyə diqqətin ayrılmaması fermerlərdə pambıq istehsalı ilə bağlı arzu və istəklərin üzərindən elə qalın xətt çəkib ki, nəticədə pambıq istehsalı demək olar ki, yox olmaq təhlükəsi ilə üzləşib. Statistikaya nəzər salanda aydın görünür ki, Azərbaycanda pambıqçılığın qara günləri müstəqillik illərindən başlayır. SSRİ dövründə bu sahə üzrə ciddi nailiyyətlər əldə olunmasına baxmayaraq indiki mövcud durum acınacaqlıdır. Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov deyir ki, müstəqillik illərində pambıq istehsalı nəzərəçarpacaq dərəcədə azalıb: "Keçən əsrin 70-ci illərinin sonunda və 80-ci illərin əvvəllərində Azərbaycanda 1 milyon tondan artıq xam pambıq istehsal olunduğu göstərilirdi. Əlbəttə bu rəqəmin bir hissəsi şişirdilmiş olsa da ölkəmizdə o vaxtlar stabil olaraq təxminən 500-600 min ton civarında məhsul əldə edilirdi. Sonuncu yüksək göstəriciyə 1990-cı ildə nail olunub. Məhz həmin ildə respublikamız 542,9 min ton pambıq istehsal edib. Lakin 1995 -ci ildə bu rəqəm 2 dəfə azalaraq 274, 1 min tona qədər enib. Bu sahədə geriləmə davam edərək 2011 -ci ildə 66, 4 min tona düşüb. Geriləmə öz növbəsində pambıq satışından ölkəyə gələn xarici valyutanın da kəskin azalmasına səbəb olub". V.Məhərrəmov onu da deyir ki, bu sahənin diqqətdən kənarda qalması iqtisadi gəlirlərə kifayət qədər təsir edir:"Azərbaycanın iqtisadi durumu çətin olan zamanda, yəni 1995-ci ildə ölkəyə pambığın satışından 116, 8 milyon dollar vəsait daxil olduğu halda 2011-ci ildə bu rəqəm 7,3 dəfə azalaraq 15, 8 milyon ABŞ dolları təşkil edib. Keçən əsrin 90-cı illərin ortalarında bu qədər vəsaitin nə dərəcədə ölkə üçün əhəmiyyətli və vacib olduğunu hesabdan başı çıxan adamlar yaxşı dərk edir. Onu da nəzərə almaq lazımdır ki, 1995- ci ildə mahlıcın qiyməti dünya bazarında indi mövcud olan qiymətdən 35 faiz aşağı idi. Son zamanlar kənd təsərrüfatının digər subsektorlarında olduğu kimi bu sahədə də idxala meyillilik artmaqda davam edir. Belə ki, 2011-ci ildə 1,6 milyon ABŞ dolları dəyərində ölkəyə pambıq idxal edilib". Pambıq istehsalının inkişafı özü ilə bərabər sənayenin, emal müəssisələrinin yaradılmasına və işləməsinə imkan yaradır deyən ekspert V.Məhərrəmov onu da bildirdi ki, Sovet hakimiyyəti vaxtında Azərbaycanda bu istiqamətdə bir çox istehsal müəssisələri yaradıldı. Ancaq müstəqillik illərində həmin sənaye müəssisələri fəaliyyətini dondurdu: "Təəssüflər olsun ki, həmin müəssisələrin əksəriyyəti süni sürətdə " müflis" elan edilərək dağıdıldı və hökumət məmurları tərəfindən dəyər-dəyməzinə mənimsənildi. Əldə olunan statistik məlumatlara əsasən hələ 1995 -ci ildə sənaye müəssisələrində 98, 5 min ton mahlıc istehsal olunduğu halda keçən il bu rəqəm 13,8 min tona enmişdir. Pambıq parça istehsalı da Azərbaycanda analoqu olmayan səviyyəyə enib. Belə ki, 1995-ci ildə ölkədə 57,9 milyon kvadrat metr pambıq parça istehsal olunmuşdursa, keçən il bu göstərici 68,6 dəfə azalaraq 843 min kvadrat metrə enmişdir. Rəqəmlərdən göründüyü kimi pambıq istehsalının ciddi şəkildə azalması ölkənin bu sahədən əldə edilən xarici valyutanın azalması ilə yanaşı həm də fermerlərin gəlirlərinin azalmasına və sənaye müəssisələrində çalışan işçilərin də iş yerlərinin itirilməsinə gətirib çıxarmışdır. Təəssüflər olsun ki, bu hələ son deyil". Pambıq sahələrində ciddi problem olduğunu diqqətə çatdıran ekspert bu sahədə qanunverici bazanın olmasına baxmayaraq müəyyən boşluqların olduğunu vurğulayıb: "Belə ki, bu il əvvəlki ilə nisbətən əkin sahəsi 2 dəfəyə qədər azalmışdır. Bölgələrdən əldə olunan məlumatlar onu deməyə əsas verir ki, bu il məhsuldarlıq da çox aşağıdır. Bu sahəyə marağın daha kəskin azalması həm də 2010 -cu ildə Milli Məclisin "Pambıqçılıq haqqında Azərbaycan Respublikasının Qanunu"nun qəbulundan sonra baş verməsi qanunu yazanların və onu qəbul edənlərin reallığı dərk etməməsindən xəbər verir".
Ədil Ədilzadə