İran yoxa çıxır - ŞƏRH
Neftə qoyulan embarqoya görə hər gün ölkə 133 milyon dollar itirir
7 Sentyabr 2012 15:17 İqtisadiyyatNüvə proqramından geri çəkilməyəcəyini bəyan edəndən sonra Avropanın İranın neft sektoruna qoyduğu embarqo İslam ölkəsinin iqtisadiyyatını kəskin şəkildə tənəzzülə uğradır. İran Kəşfiyyatının prezident Mahmud Əhmədnejada ölkənin son iqtisadi vəziyyəti ilə əlaqədar təqdim etdiyi hesabatda kəskin infilyasiya barədə məlumatlar qeyd edilib. Kəşfiyyatın məlumatına görə İran iqtisadiyyatının düşüm tempi belə davam etsə 6 ay ərzində İranın bütün valyuta ehtiyatlarının tamamilə tükənəcəyi bildirilir. Məruzədə qeyd olunan məlumatda göstərilir ki, neft sektoruna qoyulan embarqo hər gün İran İslam respublikasının 133 milyon dollar itirməsilə nəticələnir. Bunun nəticəsində neftdən gələn gəlirlərin kəskin şəkildə aşağı düşməsi İranda bahalaşmaya gətirib çıxarır. Hər keçən gün İranın bu radikal siyasətinə qarşı ölkədə narazı qüvvələrin sayı artmaqdadır. İnflyasiyanın həddinin 40 faizə çatması ölkə əhalisinin maddi vəziyyətinə təsir edib. Bununla belə ABŞ-la müharibəyə hazırlığı davam etdirən İran hakimiyyəti valyuta ehtiyatlarının əksər hissəsini silah-sursat alverinə qoyur. İranda anarxiya hökm sürdüyündən hakimyyət əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində heç bir iş görmür. ABŞ Hərbi Dəniz Qüvvələrinin Fars körfəzində İran sahillərinə yaxın ərazilərdə hərbi təlimlərin keçirməsinə nəzarət etmək üçün İran hakimiyyəti milyonlarla dollar itirir. Ölkə iqtisadiyyatının infilyasiya içində boğulmasını nəzərə alsaq bu İran üçün böyük itki sayılır. Politoloq Cümşüd Nuriyevin sözlərinə görə İran hakimiyyəti İqtisadi istiqamətdə açıq siyasət yürütmür. İran iqtisadiyyatı iqtisadi mexanizmlə idarə olunmadığından burada əsasən şəriət qanunlarına üstünlük verilir. Politoloq qeyd etdi ki, dünya bazarında İran mallarına qoyulan qadağalar iqtisadi tənəzzülə öz mənfi təsirini göstərir. Hətta, son aylarda Azərbaycanda da İran markalı malların satışında və İrandan daxil olunmasında kəskin azalmalar müşahidə olunur. İranın qonşu ölkələrdən yeganə normal əlaqəsi olan Ermənistandır ki, Ermənistan da İran üçün o qədər də böyük bazar deyil. İraq və Əfqanıstanın ABŞ-ın əlində olması İranı həmin ölkələrlə bütün sahələrdə olduğu kimi iqtisadi istiqamətdə də əlaqələr qurmasına mane olur. Cümşüd Nuriyev bildirdi ki, Avropa və Amerikanın İranın təbii sərvətlərinə olan maraqları da burada əsas rol oynayır. Belə ki, İran mallarına qoyulan qadağalar sayəsində İranı özlərində asılı vəziyyətə salmaq istəyən Amerika və Avropa ölkənin bütün sərvətlərini müsadirə etmək siyasətini yürüdürlər. Cümşüd Nuriyev qeyd etdi ki, İran tənəzzüldən yaxa qurtarmaq üçün mütləq şəkildə öz iqtisadiyyatını şaxələndirməlidir. Təbii resurslarla yanaşı aqrar sahələrə və İranın qədim sənətkarlıq sahəsi olan dulusçuluq, xalçaçılıq kimi sahələrə də yatırımlar etməlidir. Politoloqa görə əks təqdirdə İran 6 ay ərzində Yunanıstandan pis vəziyyətə düşərək süqut edə bilər. İran iqtisadiyyatının tənəzzülünün başqa səbəbləri isə İran hakimiyyətinin və molla rejiminin ölkədəki qeyri-millətlərə etnik siyasət aparmasıdır. İran İslam Respublikasının çıxış yollarından biri də İslami dəyərləri sivilləşdirərək demokratiya yolunu seçməsidir. Dini mövhumatı əllərində bayraq edən molla rejiminin ölkənin idarə olunmasında açıq siyasət yürütməsi İranın bir növ xilas olma yolu olacaq.
Mənsur Cəfərov