Ərzaq bahalaşacaq... - HƏYƏCAN

Samir Əliyev: “Dünyada baş verən proseslər Azərbaycandan yan keçmir”

Dünyada ərzağın, xüsusən də taxılın qiyməti artır. Azərbaycan da öz ərzaq ehtiyacını əsasən xaric hesabına ödədiyindən dünyada baş verən proseslər Azərbaycana da təsir göstərir. Məsələyə münasibət bildirən iqtisadçı ekspert Samir Əliyev deyir ki,  artıq Dünya Bankı, BMT-nin Ərzaq Təşkilatı bununla bağlı narahatçılığını bildirib: "Qeyd ediblər ki, növbəti dəfə ərzaq böhranı yarana bilər. Bu qiymət artımı əsasən 2 xarakterik xüsusiyyəti göstərir. Qiymət artımı yoxsul və qaçqın insanların yaşadığı ölkələrə daha çox zərbə vuracaq; Ərzaq istehlakının durmadan artması onun qiymətinin bahalaşmasını şərtləndirəcək. Ona görə də bu qurumlar hesab edir ki, istehsal prosesi düzgün qurulmalıdır". Ekspert hesab edir ki,  Mərkəzi Bank manatın kursu hesabına idxal inflyasiyasının təsirini minimuma endirir: "Yəni manatın bahalaşması xaricdən gələn malların qiymətinin ucuz olmasını təmin edir. Bir sözlə dolların manata nisbətən ucuzlaşması dünyada ərzağın bahalaşmasının Azərbaycana təsirini azaldır. Ancaq eyni zamanda nəzərə almaq lazımdır ki, manatın baha olması Azərbaycan daxilində, yəni yerli istehsalı da bahalaşdırır. Nəticədə yerli istehsal sıradan çıxır. İdxal malları isə artır". S.Əliyev onu da qeyd edib ki, dünyada ərzağın bahalaşması Azərbaycana təsir göstərəcək: "Yəni ərzağın bahalaşmasını müşahidə edəcəyik. Burda həm mövsümi məsələlər var, həm də bir sıra xammalın xaricdən gəlməsi (məsələn, şəkər istehsalında) qiymətləri bahalaşdıracaq. Hökumət qiymət artımını minimuma endirmək üçün bir sıra addımlar atmalıdır. Məsələn, taxılın idxalına qoyulan ƏDV-nin müvəqqəti götürülməsi. Ancaq bütün bunlara baxmayaraq mən qiymət artımını istisna etmirəm".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31