Bakıda keçiriləcək Neft, Qaz və Media konfransına beynəlxalq maraq artır
Konfransda iştirak etmək üçün 100-dən artıq əcnəbi jurnalist qeydiyyatdan keçib
6 Sentyabr 2012 14:48 İqtisadiyyat17-19 sentyabrda Bakıda Beynəlxalq Mətbuat İnstitutu tərəfindən (BMİ) Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) dəstəyi ilə "Neft, Qaz və Media" konfransı keçiriləcək. Bu mötəbər tədbirə Azərbaycan jurnalistləri də daxil olmaqla dünyanın əksər ölkələrindən 200-dən yuxarı media təmsilçilərinin qatılacağı gözlənilir. Bu barədə BMİ-nin Azərbaycan Milli Komitəsinin və konfransa hazırlıq üzrə Təşkilat Komitəsinin rəhbəri Umud Rəhimoğlu məlumat verib. O, bir müddət əvvəl konfransla bağlı ətraflı məlumatların yer aldığı www.ipioilgasmedia 2012.com saytı da fəaliyyətə başladığını, bu sayt vasitəsilə tədbirə qatılanların qeydiyyatının aparılıdığını qeyd edib. Təşkilat Komitəsinin sədri konfransı keçirməkdə əsas məqsədlərinin azad mediada neft və qazın rolunu müəyyənləşdirmək, neft-qaz sahəsində yazan jurnalistlərlə enerji partnyorları arasında əlaqələrin inkişaf etdirilməsi, enerji istehsalçı olan dövlətlərin birgə səyi ilə mütərəqqi medianın inkişafını asanlaşdırmaqdan ibarət olduğunu vurğulayıb. Konfransın açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qonaqları salamlaması planlaşdırılıb. Həmin gün Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev, BMİ-nin direktoru xanım Alison Makkenzi də qonaqları salamlayacaqlar. Sentyabrın 19-da keçiriləcək sessiyada Azərbaycan Sənaye və Energetika Naziri Natiq Əliyev, Azərbaycan Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov, ARDNŞ-nin vitse-prezidenti Elşad Nəsirov çıxış edəcək.