Mərkəzi Bankın sədri M. İbrahimov adına Biləsuvar Liseyinin ilk məzunlarını təbrik edib
5 Sentyabr 2012 17:30 İqtisadiyyatMərkəzi Bankın sədri Elman Rüstəmov Azərbaycanın Milli Qəhramanı Mübariz İbrahimovun adını daşıyan Biləsuvar liseyinin məzunlarını və müəllim heyətini qəbul edib. Liseyin icraçı direktoru Anar Məmmədov təhsil müəssisəsinin fəaliyyət göstərdiyi müddət ərzində əldə etdiyi uğurlardan danışıb. Bildirib ki, 2011/2012-ci tədris ilində Liseydə 121 şagird təhsil almış, bunlardan 23 nəfəri məzun olmuşdur. Liseyin ilk məzunlarının hamısı bu il ölkənin ən nüfuzlu ali təhsil məktəblərinə daxil olaraq qarşıya qoyulmuş əsas hədəf - 100%-lik qəbulu təmin ediblər. Öz növbəsində sədr E.Rüstəmov Liseyin ilk məzunlarının hamısının ali məktələrə qəbul zamanı yüksək nəticə göstərməsi, məktəbin qısa müddətdə əldə etdiyi digər uğurlara imza atması və qarşıdan gələn yeni dərs ilinin başlanması münasibəti ilə bütün kollektivi təbrik edərək, bundan sonra da daha böyük nailiyyətlər qazanacaqlarına əminliyini bildirib. E.Rüstəmov Mərkəzi Bankın təşəbbüsü ilə yaradılan Liseyin məzunlarının əksəriyyətinin ödənişsiz əsaslarla ali məktəblərə qəbul olunmasını regionlarda da təhsil potensialının yüksək olması kimi qiymətləndirib. Görüşün sonunda ali məktəblərə qəbul olunan məzunlara hədiyyələr təqdim edildi. Qeyd edək ki, Mərkəzi Bankın ən böyük korporativ sosial məsuliyyət (KSM) layihəsi olan Milli Qəhraman Mübariz İbrahimovun adını daşıyan müasir məktəb-lisey kompleksi 18 oktyabr 2010-cu il tarixindən fəaliyyətə başlayıb.