Şəhərsalma tələblərini pozan 17 obyekt aşkarlanıb
18 Aprel 2012 17:50 İqtisadiyyatAzərbaycan Respublikası Nazirlər Kabinetinin "Şəhərsalma fəaliyyətini tənzimləyən norma və qaydaların təkmilləşdirilməsi haqqında" qərarının icrası ilə əlaqədar olaraq şəhərsalma və layihələndirmə sahəsində normativ sənədlərin tənzimlənməsini həyata keçirmək məqsədilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən 7 ədəd - milli normativ sənədin tərtibatı başa catdırılıb və yaxın vaxtlarda təsdiqi və qeydiyyata alınması nəzərdə tutulub. Eyni zamanda, komitə tərəfindən "Dövlət standartlarına uyğun olaraq I və II məsuliyyət səviyyəli bina və qurğuların layihələndirilməsi" fəaliyyət növü ilə məşğul olmaq üçün 2012-ci ilin I-ci rübü ərzində 3 hüquqi və 2 fiziki şəxsə lisenziya verilib. "Dövlət şəhərsalma-memarlıq nəzarətinin həyata keçirilməsi Qaydaları"nın tələblərini təmin etmək məqsədi ilə Komitənin əməkdaşları hesabat dövrü ərzində Bakı şəhərində şəhərsalma fəaliyyətinin vəziyyətinə baxış keçirən zaman şəhərsalma qanunvericiliyinin tələblərinin pozulması ilə tikilən 17 ədəd obyekt aşkarlanaraq müvafiq qarşılayıcı tədbirlərin görülməsi uçun Bakı şəhər Memarlıq və Şəhərsalma Baş idarəsinə məlumat verilib. ("OLAYLAR"İA)