Çörəyin qiyməti qalxıb

Vahid Məhərrəmov: “İstehlakçılar indi 1 kiloqramlıq çörək üçün 20 faizdən artıq pul xərcləməli olublar”

Çörəyin qiyməti heç də rəsmilərin dediyi kimi stabil deyil. Bunu kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov deyib. Onun sözlərinə görə, hazırda çörəyin qiymətində real artım baş verməsə də faktiki olaraq bu artım hiss olunmaqdadır: "Son zamanlar buğda ununun qiymətinin qalxması elə həmin anda çörəyin qiymətinin qalxmasına səbəb olub, Belə ki, ölkədə istehsal olunan çörəyin bir qismi sənaye üsulu ilə istehsal olunduğundan çörəkbişirmə müəssisələrində əvvəldən qalmış un ehtiyatı eyni zamanda qiymət artımına səbəb olmadığı halda, ev şəraitində və sexlərdə istehsal oluna çörəyin dəyəri əvvəlki dəyərindən fərqli olaraq 20 faizdən artıq qalxmışdır. Əvvəllər 50 kiloqramlıq bir kisə unu 15-16 manata alan istehlakçılar hal-hazırda 18-20 manat xərcləməli olurlar. Bu da təbii olaraq un məhsulundan alınan çörəyin qiymətinə təsir edib. Çörəyin qiyməti heç də rəsmilərin dediyi kimi stabil deyil. Fərdi qaydada ev şəraitində çörək bişirənlərin sayı kifayət qədərdir. Ölkə əhalisinin yarıdan çoxu, xüsusən rayon mərkəzlərində, qəsəbələrdə və kəndlərdə yaşayan əhalinin əksəriyyəti ev şəraitində çörək bişirməyə üstünlük verir. Həmin istehlakçılar indi 1 kiloqramlıq çörək üçün 20 faizdən artıq pul xərcləməli olublar. Məmurlar görünür əhalinin bu qismini nəzərə almır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31