Avtomobil bazarında yenə bahalaşma olacaq
Samir Əliyev: “.....Taksilərə tətbiq edilmiş qadağa sürücüləri xarici avtomobillərə üz tutmağa vadar edəcək”
1 May 2012 15:13 İqtisadiyyatMayın 1-dən ABS əyləc sistemi və ən azı bir təhlükəsizlik yastığı olmayan avtomobillərin ölkəyə idxalına qoyulan qadağalar qüvvəyə minib. Ekspertlər isə bununla bağlı müxtəlif fikirlər səsləndirirlər. Qeyd olunur ki, bu kimi qadağalar avtomobil bazarında müəyyən ajiotaj yaratmaqla yanaşı Rusiya-Azərbaycan münasibətlərinə, iki ölkə arasında iqtisadi əlaqələrə müəyyən kölgə salacaq. Məsələyə münasibət bildirən iqtisadçı ekspert Samir Əliyev deyib ki, belə bir qərarın olması ilk növbədə köhnə avtomobillərin, xüsusən də Rusiya istehsalı olan maşınların ölkəyə daxil olmasının qarşısını alacaq. S.Əliyev onu da bildirib ki, tətbiq edilən qadağalar avtomobil bazarında qiymət artımına gətirib çıxaracaq: "Xüsusilə də rus maşınlarının qiyməti bahalaşacaq, çünki ABC əyləc sistemi və təhlükəsizlik yastığının quraşdırılması maşının bahalaşmasına gətirib çıxaracaq. Eyni zamanda taksilərə tətbiq edilmiş qadağa sürücüləri xarici avtomobillərə üz tutmağa vadar edəcək. Nəticədə köhnə xarici avtomobillərə tələbat artacaq. Çünki həm taksi sürücüləri, həm də bahalı rus maşını almaq istəməyən sürücülər belə maşınlara üz tutacaq. Qısa müddətdə maşın bazarında qiymət artımı olması mümkündür". S.Əliyev deyir ki, qadağaların tətbiq oluması iki ölkə arasında olan iqtisadi münasibətlərə təsir göstərməyəcək: "Rusiyanın özündə 07-nin istehsalı dayandırılır. Yəni ruslar artıq avtomobillərin keyfiyyətini artırırlar. Azərbaycan olmadan da onlar buna gedirlər. Ola bilsin, gələcəkdə Nəqliyyat Nazirliyi rus maşınlarının taksi kimi xidmət göstərməsinə qoyulan qadağanı götürsün. Bu sadəcə ehtimaldır. Çünki yeni VAZ-lar artıq kifayət qədər keyfiyyətlidir. Ümumilikdə qadağaların iki ölkə arasında olan iqtisadi əlaqələrə kölgə salacağı məsələsinə gəlincə onu demək olar ki, bu, iki ölkə arasında olan münasibətlərə ciddi təsir göstərməyəcək".
Ədil