“Azərbaycanın Qarabağ diyarı rəssamların gözü ilə” müsabiqəsinin yekun mərasimi keçirilmişdir
6 Aprel 2021 13:39 İncəsənətÖzbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə ötən ilin fevral ayında elan olunmuş "Azərbaycanın Qarabağ diyarı rəssamların gözü ilə" adlı Azərbaycan-Özbəkistan birgə rəsm müsabiqəsinin yekun mərasimi keçirilmişdir.
Onlayn formatda keçirilən tədbirdə Azərbaycan və Özbəkistanın Mədəniyyət Nazirliklərinin rəsmi təmsilçiləri, Azərbaycan Milli Məclisinin Mədəniyyət Komitəsinin rəhbəri Qənirə Paşayeva, Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin və Azərbaycan Dövlət Rəsm Qalereyasının rəhbərliyi, Azərbaycanın TÜRKSOY təşkilatındakı nümayəndəsi, rəssamlar və mədəniyyət sahəsində fəallar iştirak etmişlər.
Giriş sözü ilə çıxış edən Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov həyata keçirilən "Azərbaycanın Qarabağ diyarı rəssamların gözü ilə" adlı layihə haqqında məlumat verərək müsabiqədə hər iki ölkənin gənc rəssamlarının Qarabağa dair duyğu və düşüncələri, Azərbaycan mədəniyyətinin beşiyi olan Qarabağda xalqımızın yaratdığı zəngin mədəni irs nümunələri, ədəbiyyat, bölgənin füsünkar təbiətini yaratdıqları rəsm əsərlərində canlandırıldığını qeyd edib. Samir Abbasov Şuşanın Azərbaycan mədəniyyətinin paytaxtı olaraq tarixən türk dünyasına və bəşəriyyətə verdiyi tövhələrdən danışmış, dünyada heç bir şəhərin bu qədər dahi şəxsiyyət, mədəniyyət, sənət adamlarını yetişdirmədiyini, mədəniyyət abidəsinə malik olmadığını qeyd edib. Diplomat Şuşanın Azərbaycan üçün əhəmiyyətini vurğulayaraq, prezident İlham Əliyevdən sitat gətirib: "Şuşa Azərbaycan üçün milli qürurdur, milli mənlikdir, mədəniyyətdir, incəsənətdir, tarixdir".
Tədbirdə Azərbaycan Milli Məclisinin Mədəniyyət Komitəsinin rəhbəri Qənirə Paşayeva iki ölkə arasındakı tarixi dostluqdan danışıb, Özbəkistanın Vətən müharibəsi illərində Azərbaycana verdiyi dəstək, özbək ziyalılarının, tanınmış simaların dünya birliyinə müraciət edərək Azərbaycana həmrəylik nümayiş etdirmələrini yüksək qiymətləndirib. Q.Paşayeva Ermənistanın 30 ilə yaxın Azərbaycan ərazilərini işğal altında saxlaması, şəhər və kəndlərimizin, milli mədəni irsimizin tamamilə dağıdıldığını, məhv edildiyini xüsusi vurğulamışdır. O, Azərbaycan Mədəniyyət Mərkəzinin keçirdiyi bu layihəni yüksək qiymətləndirmiş, onun yalnız rəsm müsabiqəsindən ibarət olmadığını xalqlarımız arasında möhkəm dostluq əlaqələri və körpüsünü qurduğunu bildirib.
Azərbaycan Mədəniyyət Nazirliyinin təmsilçisi, Dövlət Rəsm Qalereyasının direktoru Qalib Qasımov hər iki ölkənin gənc rəssamlarının iştirak etdiyi müsabiqənin əhəmiyyətini qeyd edərək, nümayiş etdirilən rəsmlərdə Azərbaycanın Qarabağ bölgəsinin həm qədim tarixi, zəngin mədəni irsi, yetişdirdiyi dahi şəxsiyyətlər, gözəl təbiətini bir daha canlandırdığını vurğuladı. O, Ermənistan işğalı dövründə milli mədəni irsimizin dağıdılması, mədəniyyətimizə vurulan ziyan barədə danışaraq hazırda həyata keçirilən bərpa işlərini xüsusi qeyd etdi. Qalib Qasımov Özbəkistanla dostluq və mədəni əməkdaşlıq barədə məlumat verib, gələcəkdə TÜRKSOY və Özbəkistandakı Azərbaycan Mədəniyyət Mərkəzi ilə birlikdə rəssamlıq sahəsində yeni layihələrinin həyata keçirilməsini, rəssamlar arasında əlaqələrin dərinləşdirilməsinə ehtiyac olduğunu qeyd edib.
Özbəkistan Mədəniyyət Nazirliyinin rəsmi təmsilçisi, nazirin məsləhətçisi Marufjon Yuldashev çoxəsirlik dostluq və strateji partnyorluğa əsaslanan Azərbaycan-Özbəkistan dostluğunun uğurla inkişaf etdiyini qeyd edərək, eyni soykök, mədəniyyət, adət-ənənələri bölüşən xalqarımızın qardaş olduğunu söyləyib. O, yaradılmış rəsm əsərlərində Azərbaycanın incisi olan, təkrarsız mədəniyyətə, təbiətə malik Qarabağın Türk dünyası üçün də əvəzolunmaz müqəddəs bir məkan kimi əks olunduğunu qeyd etmişdir.
Azərbaycanın TÜRKSOY-dakı nümayəndəsi Elçin Qafarlı, Türkiyə Respublikasının Özbəkistandakı Səfirliyinin Mədəniyyət-Mətbuat məsələləri üzrə müşaviri Alparslan Akıncı, şair-publisist Əkbər Qoşalı, Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov Türk dünyası arasında birliyə xidmət edən layihəni yüksək qiymətləndirərək Azərbaycanın 44- günlük Vətən müharibəsi və öz torpaqlarının erməni işğalından azad etməsi, xalqlarımız arasında əlaqələrin və həmrəyliyin günü-gündən inkişaf etməsini xüsusi qeyd ediblər.
Daha sonra Samir Abbasov Azərbaycan-Özbəkistan əlaqələri, əməkdaşlığından danışaraq, iki ölkə arasında keçirilən rəsm müsabiqəsində seçilən əsərləri və qalibləri elan edib.
Müsabiqədə Azərbaycan tərəfdən birinci yer gənc rəssam Fərəh Babayevanın qrafika üslubunda çəkdiyi "Qarabağ musiqiçilər məclisi" əsəri, ikinci yer Lalə Hüseynovanın yağlı boya ilə çəkdiyi Azərbaycan bayrağı fonunda çəkilmiş "Qarabağa qayıdış" kompozisiyası, üçüncü yer Gülşən Baxşəliyevanın çəkdiyi "Şuşanın panoraması" əsəri layiq görülmüşdür. Samir Abbasov ölkəmiz üzrə xüsusi mükafata layiq görülən iştirakçıların adlarını da qeyd etmişdir: rəssamlar Aytən Məmmədova, Sara Qədimova, Arzu Abduləzizova, Türkan Babayeva.
Özbəkistan tərəfindən də qaliblər elan olunmuşdur. Birinci yer gənc rəssam Gulnoz Calalovanın çəkdiyi "Qarabağ kəndi" əsəri, ikinci yer Husniya Azadovanın "Qarabağlı qadın" obrazı, üçüncü yer isə Abrorcan İzzatullayevin "Qarabağ təbiəti: kükrəyən dağ çayı" əsəri layiq görülmüşdür. Özbəkistan tərəfindən də xüsusi mükafat Xudayar Atamuradova, İroda Xudayberqanovaya, Mircalol Xoliqova, Firangiz Komilcanovaya, İlgiz Hakimov layiq görülmüşlər.
Tədbirin yekununda "Azərbaycanın Qarabağ diyarı rəssamların gözü ilə" adlı müsabiqəyə təqdim olunmuş əsərlərin əsasında yaradılmış videoçarx Qarabağ şikəstəsinin sədaları altında nümayiş etdirilmişdir.