Bətnindəki sıxıntını çəkirəm, ana... Türkan Zamanovanın yeni şeirləri
29 İyul 2017 12:30 İncəsənət"Olaylar" gənc yazar Türkan Zamanovanın yeni şeirlərini təqdim edir.
GİZLİCƏ ANAMIN CİBİNƏ ATDIĞIM MƏKTUB
Sən bətnində məni məcburən öldürməyəndə
Axı bilirdik
ikimiz də bilirdik bir ömürlük yadlıq üzəcək bizi.
Yadlığını öldürə bilmədim uğurlarımla.
Bətnindəki sıxıntını çəkirəm, ana.
Baş ağrılarım aman vermir gülümsəməyə
Bir tərəfdən də aynadan boylanan...
Sığalına möhtac saçlarım ağrıyır, ana.
Bişirdiyin tamsız yeməklərdə
baxışlarının acısını hiss edirəm,
boğazım zəhər borusudu.
Qınama niyə danışmırsan deyə
dilim lal olub, ana
***
SİRRİM
R.ya
Dolanıram başına
Kəbə kimi
Qollarım havada
Bir əlim səmaya, bir əlim sənə açıq.
Ey sirrim, ruhum cismimdə məhbus
Cismim də səndə...
***
SÜKUT
Zikr edirəm ürəyimdə,
meydanlarçün yaranmış səni.
Yol gedirəm yıxıla-dura,
səmtim sən gələn tərəfədi.
Bir nəfəslik ümid göndər, ey doğma yadım
ümidimi qarğalar yeyib bitirib.
Hərdən də bir udumluq təbəssüm
işıq salsın qaranlıqlarıma.
Sən o qaranlıq küçələrdə hər qapıya
bir məktubluq azadlıq atanda
biz dəymirdik ananın
nigaranlıq göz yaşlarına...
Sən o qaranlıq küçələrdə
özünü təhlükəyə atanda
biz azadlığımızı rüşvət verirdik
daha çox şöhrət
daha çox pul əvəzi.
Doğmalıq
qan qruplarının uyğunluğu deyil,
qətiyyən deyil.
Adını qoya bilmədiyim fədakarlıqdı
qorunmasız təslimiyyətdi
səsinlə sevişməkdi...
Və daha nələr, nələrdi...
Sənin doğmalığın.