İncəsənət Muzeyində “Unudulmuş Unudulmaz” sərgisi

18 mayı dünya ictimaiyyəti Beynəlxalq Muzeylər Günü kimi qeyd edir. Bu il Beynəlxalq Muzeylər günü "Muzeylər və mübahisəli tarixi məqamlar: Muzeylərdə deyilməyənlərin səslənməsi" şüarına uyğun olaraq İCOM Azərbaycana daxil olan muzeylər "1920-50-ci illərdə repressiyalar" adlı vahid mövzuda tədbirlər keçirir.

Milli İncəsənət Muzeyində 18 may "Beynəlxalq Muzeylər günü" münasibəti ilə "Unudulmuş Unudulmaz" adlı sərgi keçiriləcək. Muzeydən "Olaylar" - a bildirlib ki, layihə XX əsrin I yarısında sovet rəhbərliyi tərəfindən həyata keçirilmış repressiya qurbanlarına həsr olunur. Repressiya Azərbaycan rəssamlarına və onların ailələrinə də toxunub, onlar repressiya dalğasının günahsız qurbanlarına çevrilmişlər. Sərgidə Milli İncəsənət Muzeyinin kolleksiyasında qətl və sürgünlərə məruz qalmış rəssamların əsərləri yer alacaq.

Sərgidə sürgün edilənlər sırasında olan Rzaquliyev Ələkbər Ələsgər oğlu, Haqverdiyev Həsən Əli oğlu, eləcə də valideynlərinin "antisovet fəaliyyəti"nə görə repressiyanın günahsız qurbanları olmuş Nərimanbəyov Vidadi Yaqub oğlu, Nərimanbəyov Toğrul Fərman oğlu, Sadıqzadə Oqtay Seyid Hüseyn oğlu, Sadıqzadə Toğrul Seyid Hüseyn oğlu, Salahov Tahir Teymur oğlu və digər rəssamların əsərləri nümayiş olunacaq. Tədbir çərçivəsində eyni zamanda onların həyat və yaradıcılıqları barədə geniş məlumat veriləcək.

Vernisajda Ə. Rzaquliyevin "Aşıq Ələsgər", "Kəllin nallanması", O. Sadıqzadənin "Qızlar bulağında", "Aylı gecə", T. Nərimanbəyovun "Muğam", "Bahar", "Sevinc", T. Salahovun "Çənlər", "Səhər eşalonu", H.Haqverdiyev "Bahar", "İki göyərçin", V. Nərimanbəyovun "Xatirə", "Yolda", T.Sadıqzadənin "Xoşbəxtlik", H. Nəzərov "Bizim dağlar", "Şair Mikayıl Müşviqin portreti" kimi 70-dən çox rəngkarlıq və qrafik əsərləri nümayiş olunacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31