Tarixi Muzeyində “Reinkarnasiya – tarixi eksponatlar” sərgisi
16 May 2017 13:26 İncəsənətAMEA Milli Azərbaycan Tarixi Muzeyində "Reinkarnasiya - tarixi eksponatlar" sərgisinin açılışı keçirilib. Muzeydən "Olaylar" - a bildirlib ki, tədbiri giriş sözü ilə Muzeyin Elmi ekspozisiya və sərgilərin təşkili şöbəsinin müdiri, t.ü.f.d Səbuhi Əhmədov açaraq qeyd edib ki, sərginin mahiyyəti Azərbaycanın müasir rəssamlarının mədəniyyətimizi və tariximizi necə görmələrini nümayiş etdirməkdir. Muzeyin qızıl fonduna daxil olan və stasionar ekspozisiyada nümayiş edilən tarixi eksponatlara gənc rəssam və heykəltəraşlar avanqard üslublu əsərlər vasitəsilə yenidən həyat veriblər. Buna görə sərgi "Reinkarnasiya (ruhun yenidən qayıdışı) - tarixi eksponatlar" adlanır.
Daha sonra çıxış edən sənətşünaslıq üzrə fəlsəfə doktoru Ziyadxan Əliyevə bildirdi ki, Azərbaycan incəsənətində son dövrdə yaranmış cərəyanlar haqqında danışdı, gənc rəssam və heykəltəraşların Azərbaycan tarixi və mədəniyyətini əsas mövzu kimi seçmələrinin təqdirəlayiq hal kimi qiymətləndirdi. Z.Əliyev sərgi nümayiş olunan əsərlərin işlənmə üslubu, gənclərin yeni baxış tərzi haqqında məlumat verdi.
Muzeyin direktoru, akademik Nailə Vəlixanlı çıxış sözündə layihənin çox maraqlı olmasını vurğuladı. O, layihədə iştirak etmiş rəssam və heykəltəraşlara təşəkkürünü bildirdi. Layihə iştirakçılarına təşəkkürnamə, eləcə də muzeyin nəşrlərindən ibarət hədiyyələr təqdim edildi.
Sərgidə bir sıra yeni təsviri sənət və heykəltəraşlıq əsərləri yaratmış aşağıdakı rəssam və heykəltəraşların işləri nümayiş olunur: Elşən Sərxanoğlu, Məmməd Rəşidov, Eldar Babazadə, Elşən Qaraca, Həmid Məhərrəmov, Fərid Mirzəyev. Təqdim olunan sərgidə Muzeyin 20 tarix eksponatı nümayiş olunur. Məhz bu eksponatları əsas götürərək rəssam və heykəltəraşlar 27 sənət əsəri yaratmışlar.
Tarixi eksponatların yeni interpretasiyada, müasir baxış konteksində təqdim olunması onların xüsusiyyətlərini, tarixdə tutduqları yerlərini, bədii tərtibat səviyyəsini qabarıq göstərməyə imkan verir.
Sərgi iyun 2 - dək davam edəcək, sərgiyə giriş pulsuzdur.