Yeni nəsl virtual silahlar: Assimmetrik hibrid müharibələr, informasiya təhlükəsizliyi…

Ölkəmizdə aparılan rəqəmsal transformasiya siyasəti informasiyanın qorunması, onun təhlükəsizlik məsələlərini dövlətin əsas prioritetinə aid etmişdir.

İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti

Müasir dövrümüzdə informasiyanın strateji əhəmiyyətinə görə insan və cəmiyyət həyatında əsas aparıcı mövqeyə çevrilməsi ilk növbədə XXl əsrin ortalarında, İnformasiya - Kommunikasiya Texnologiyalarının inkişafı ilə start götürmüş, bu günümüzə bütün dünyanı əhatə edən qlobal bir şəbəkələr sistemi olaraq gəlib çıxmışdır. Yüksək inkişafın və inteqrasiya proseslərinin geniş vüsət aldığı müasir dünyamızda hər bir kəsin obyektiv və qərəzsiz informasiya almaq imkanının olması artıq geçək bir zərurətə çevrilib. Xüsusən də elektron kütləvi informasiya vasitələrinin, habelə qısa zamanda hiperinformasiya məkanına çevrilmiş internetin kosmik inkişaf tempi informasiyanın təkcə ictimai münasibətlər sistemində deyil, ümumən sosial - iqtisadi həyatın ən müxtəlif sahələrində - biznesdə, beynəlxalq iqtisadi və siyasi əlaqələrdə, elm və təhsildə, qlobal təhlükəsizlik məsələlərində rolunu misli görünməmiş dərəcədə gücləndirmiş, informasiyalı cəmiyyətə sürətli keçid prosesini də təmin etmişdir. Artıq hər birimizin həyatına sirayət etmiş internet dünyasında öz informasiya təhlükəsizliyimizi qorumaq da ən aktual məsələlərdən birinə çevrilmişdir.

Odur ki, aktual sual yaranır: "Bu qlobal internet məkanında öz informasiya təhlükəsizliyimizi təmin etmək, təhlükəli və arzuolunmayan kiber hücumlardan vaxtında adekvat texniki - texnoloji tədbirlər görməklə qorunmaq üçün daha nələr etməli, hansı bilik, bacarıq və vərdişlərə sahib olmalıyıq?"

Mövzuya keçid alaraq öncə onu bildirmək lazımdır ki, XXI əsrin yeni nəsl virtual silahları, o cümlədən assimmetrik hibrid müharibələrin strateji resursları, onun texnoloji vasitələri dünyada birbaşa qarşıdurma və hərbi münaqişələrin doğurduğundan da kəskin, daha sarsıdıcı sonuclar doğurabildiyi bu gün artıq heç kəsə bir sirr deyildir.

Bu yöndə get-gedə daha da dərinləşən assimmetrik hibrid informasiya müharibələri, kibercinayətkarlıq aktları, onların acı sonucları göz önündədir.

Eyni zamanda kiber məkan, internetin gətirdiyi bütün innovativ yeniliklərlə yanaşı, onun neqativ trend və tendensiyalarını sosial media üzərindən, fərqli-fərqli "ağıllı" platformalardan virtual həyatımıza ictimai iştirakçılıq anlayışını da (inklusivliyi) daxil etmişdir.

Sahə üzrə beynəlxalq ekspertlərin geniş ictimai iştirakçılıqla şərh etdikləri kimi assimetrik hibrid müharibələr yeni çağımızın ən dağıdıcı və sarsıdıcı silahlarından hesab olunurlar. Onlar yeni çağın ən qaynar mövzularından biri kimi "isti" müzakirələri daha da aktual etmişdir.

Beləliklə assimetrik hibrid informasiya müharibələri "uğurla" yeni gündəmə çevrilmiş, qloballaşan dünyada dövlətlərarası dondurulmuş münaqişələrdə, konflikt və ziddiyyətli situasiyalarda, onun geniş tədbiqinə rəvac vermişdir. Burada soyuq müharibələrdə də digər sahələrdə olduğu kimi, informasiya cəbhəsi, kiber müharibələr, informasiyanın qorunması, onun təhlükəsizliyi və "ağıllı" internet platformaları üzərində qurulmuş sosial media kiber cinayətkarlıqlarını daha da tətikləmişdir. Bu gün onun inkişaf dinamikası artan xəttlə öz neqativ trendlərini dərinləşdirməkdədir. Həmçinin assimetrik informasiya müharibələri virtual cəbhədə öz sarsıdıcı kiber hücumları ilə informasiya cəmiyyətinin, onun dərin strukturlarının təhlükəsizliyinə də bir nömrəli aktual təhdit olaraq qalır.

Burada əsas hədəf internetin sosial şəbəkələrində qeyri-qanuni "feyk" akauntlarla sosial-siyasi xarakterli təxribatçılıq fəaliyyətləri, o cümlədən "haker" hücumları, saxta domen adları ilə beynəlxalq informasiya terroru, "cybersquatting" əməlləri (internet dələduzluğu, saxta domen adlarının möhtəkirliyi, feyk profillərin destruktiv fəaliyyəti) və sair olmaqla informasiya cəmiyyətlərinin ən ağrılı problemləridir.

Digər tərəfdən total virtual sui-istifadələr, ümumistifadəli infokommunikasiya şəbəkələri, onun altyapısı hesab edilən texnoloji infrastrukturu üzərində  günü-gündən daha da aktivləşməkdədir. Burada virtual assimetrik hibrid müharibələri qlobal rəqəmsallaşma siyasətinin özü ilə gətirdiyi geniş neqativ ənənələrə yol açır, həmçinin, onun tərkib elementlərini durmadan artırmış olur. Bu fəaliyyətlərə əsasən, kiber hücum, kiber cinayətkarlıq, kompüter hakerliyi, virtual təhdit, şantaj və "qara piar" təbliğat kompaniyaları daxildir. Bu gün, vurtual məkanda zərərli və zəhərli spamlar, onun yeni trend və neqativ kontentləri öz xarakterik tendensiyaları ilə xeyli dərəcədə nəzarətdən çıxmış görünür.

Təhlil olunan neqativ virtual fəaliyyətlər əsasən aşağıdakı istiqamətlərdə müşaidə edilir:

- biznes sferası və onun ayrı-ayrı strukturlarında kiber sobatajlar, feyk profillərlə gözdənsalma antireklam fəaliyyətləri;

-bank-maliyyə sektorunda haker hücumları, bank maliyyə hesabları və işləmlərinə arzualunmaz müdaxilələr;

- xarici kəşfiyyat sferasında, o cümlədən milli istihbarat yönlü təxribat və iğtişaşlara yol açaçaq senarilər;

- hərbi sirr və müdafiə sferasında avtomatlaşdırılmış  təhlükəsizlik sistemlərinə kiber müdaxilələr;

-mədəni-mənəvi sferada qeyri etik davranışlar sərgiləyən amoral porno materialları və əxlaq fenomeninin deqradasiyası ;

-ictimai-siyasi sektorda sosial mediya üzərindən qara "piar" siyasi kompaniyaları, virtual məkanın şantaj mahiyyətli destruktiv/travmatik fəaliyyət yönü və eləcə də bundan xüsusi maraq, şəxsi möhtəkirlik məqsədləri üçün sui-istifadə;

-hüquqi nihilizm.

Məsələnin həlli yolları:

- bu istiqamətdə geniş ictimai maarifləndirmə proqramları həyata keçirilməli, izahlı seminar, konfrans və treyninq çalışmaları təşkil olunmalı;

-virtual məkanda informasiya təhlükəsizliyi, informasiyanın qorunması, internet cinayətkarlığı və durmadan mürəkkəbləşən sosial şəbəkələrin idarə olunmasının adekvat hüquqi tənzimləmə mexanizmlərinin yeni qlobal çağlrışlara cavab verməsi üçün peşəkar işlənməsi;

- xüsusi proqram vasitələri gəlişdirilməsi, onların tədbiqi ilə kontur kibertəhlükəsizlik tədbirlərinin görülməsi;

- artan təhdit və təhlükələrin vaxtında mütərəqqi texniki üsullarla əməli preventiv tədbirlərin görülməsi;

- ölkədə rəqəmsal uçurumun aradan qaldırılması, şaxələndirilmiş rəqəmsal iqtisadiyyatda dövlət proqramına uyğun  transformasiya siyasətinin təmin edilməsi;

- sahə üzrə texnoloji innovasiya yönlü islahatlara sahibkarların cəlb edilməsi, onun təşviqi və xüsusi motivasiya tədbirləri;

- İKT savadlılığının artırılması, hüquqi, fiziki şəxslərin aidiyyatı strukturlarının sahə üzrə peşəkarlıq səviyyəsinin artırılması;

- qəbul edilmiş dövlət proqramlarını günün tələbinə uyğun güncəlləşdirilməsi, o cümlədən onların texniki, təşkilati, hüquqi məsələlərini əhatə edən mühüm amillərini, yeni məqamlarını müasir çağın artan tələb-təlkiflərinə uyğunlaşdırılması;

-informasiya texnologiyaları infrastrukturunun dövlət siyasət planı və bu plan üzrə liberallaşdırılma, o cümlədən sağlam rəqabət mühitinin formalaşdırılması;

-və digər önəmli hüsuslar...

Unutmayaq ki, kibertəhlükəsizlik məsələləri dövlətin əsas prioritetlərinə aid edilmiş strateji məsələlərdən olub bu istiqamətdə strateji hədəflərə çatmaq üçün GZİT (güclü, zəif, imkan və təhditlər) təhlillərlə (SWOT analız) geniş və əhatəli fəaliyyət planı üzrə dövlətin strateji maraq və mənafeləri təmin edilməlidir.

Eyni zamanda beynəlxalq tənzimləyici üst qrumların sahə üzrə rəhbər sənədləri, tövsiyyə xarakterli protokol, reqlament və qaydalarına uyğun sahə üzrə nizamlayıcı fəaliyyətin kordinasiya məsələləri texnoloji-tərəqqi siyasətinin əsas prioritetlərini müəyyən etməlidir. Ölkə başçısının ifadə etdiyi kimi: "Hesab edirəm ki, Azərbaycan Rabitə və Yüksək Texnologiyalar sahəsində bölgədə mərkəzi rol oynayır.", rəhbər göstərişi və onun əsas tezisləri daima göz önündə tutulmalıdır.

Əflatun Məmmədov,

Müdafiə Sənayesi Nazirliyinin Elmi-Tədqiqat İnstitutunun  direktorunun birinci müavini,

İnternet və Yüksək Texnologiyalar üzrə ekspert, Rabitə ustası, 
Azərbaycan Dövlət İqtisad Unversitetinin Rəqəmsal Texnologiyalar və Tədbiqi İnformatika kafedrasının müəllimi,

YAP Xətai rayon təşkilatının "Salam Rahim Memmedov 25" ünvanı üzrə ərazi partiya təşkilatı sədrinin müavini

P.S. Sosial şəbəkə spamları öz mahiyyət kirliliyilə "ekoloji"  kirlilikdən daha təhlükəli və öldürcüdür!

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31