Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə “Cisco” şirkəti arasında əməkdaşlığa dair videokonfrans keçirilib
13 May 2020 11:41 İKTNəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə "Cisco" şirkəti arasında birgə fəaliyyətin müzakirəsi və gələcək planların müəyyən edilməsi məqsədilə videokonfrans təşkil edilib. "OLAYLAR"-a nazirlikdən bildirilib ki, videogörüşdə Azərbaycan tərəfi ilə yanaşı, "Cisco"nun vitse-prezidenti Qay Diedriç, Rusiya və MDB üzrə vitse-prezidenti Jonathan Sparou və Azərbaycan üzrə regional direktoru Vladimir Orlov, Azərbaycan üçün "Rəqəmsallaşdırma proqramı"nın rəhbəri Ramil Eyyubov iştirak edirdilər.
Videotədbirdə çıxış edən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə koronavirus pandemiyasının dünyada sürətlə yayıldığı və qlobal iqtisadi-ticari proseslərə ciddi təsir etdiyi bir dövrdə yüksək texnologiyalardan istifadənin prioritet olduğunu deyib. Nazir bu səbəbdən cənab Prezident və digər hökumət təşkilatları üçün videokonfrans keçirmək məqsədilə müvafiq infrastrukturun qurulması istiqamətində yaxından əməkdaşlığa və dəstəyə görə "Cisco" şirkətinin rəhbərliyinə təşəkkür edib. Bildirib ki, göstərdiyi dəstəyə görə şirkətin Azərbaycan üzrə regional direktoru Vladimir Orlova 21 aprel 2020-ci il tarixində Fəxri Fərman təqdim olunub.
"COVID-19" pandemiyası zamanı vacib vasitə olan videokonfranslar üçün "Connected Government" layihəsinin tətbiqindən danışan nazir bir sıra əhəmiyyətli görüşlərin "Cisco" şəbəkə texnologiyalarından və "Azcloud" platformasından istifadə edilərək təşkil edildiyini vurğulayıb. O, nazirliyin tabeliyində fəaliyyət göstərən "AzInTelecom"un özəl şirkətlər və dövlət orqanları üçün "Cisco" Görüş Serveri həlli mövzusunda "VCaaS" adı ilə tanınan videokonfrans xidmətinin tətbiqinə başladığını diqqətə çatdırıb. Həmçinin xidmətin gələcəkdə uğurla davam etdirilməsi üçün onun lisenziya müddətinin uzadılmasını nəzərdən keçirmək təklifi ilə çıxış edib.