Azərbaycanda yeni videokonfrans xidmətinin tətbiqinə başlanılıb
6 May 2020 10:48 İKTNəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən "AzInTelecom" MMC-nin "Azcloud" bulud infrastrukturu sayəsində "servis olaraq videokonfrans" (VCaaS) xidməti Azərbaycanda da ilk dəfə olaraq həyata keçirilməyə başlanılıb. "OLAYLAR"-a Nazirlikdən bildirilib ki, artıq istənilən şirkət və ya qurum məsafənin uzaqlığından asılı olmayaraq istər qlobal, istərsə də respublika səviyyəli fasiləsiz video toplantılar keçirərək fəaliyyətinin yüksək səviyyədə davam etməsinə nail ola bilər.
Qeyd edilib ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə 40-dan artıq ölkənin və beynəlxalq təşkilatların iştirakı ilə keçirilmiş Qoşulmama Hərəkatının Təmas Qrupu formatında videokonfransının təşkili üçün hazırlıq məqsədilə təməl proses və prosedurlar hazırlandı. Videobağlantı, təhlükəsizlik, videobağlantı zamanı davranış qaydaları və sinxron tərcümə üzrə təlimatlar təmin edildi. "AzInTelecom" xarici ölkə nümayəndələrinin də videotədbirə düzgün qoşulması, dayanıqlı bağlantının yaradılmasını təmin etmək üçün müvafiq ölkələrə xüsusi dəstək göstərdi.
Koronavirus pandemiyasının geniş vüsət aldığı ilk dövrdə Azərbaycan Prezidentinin təşəbbüsü ilə Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan və Türkmənistan prezidentləri, Macarıstanın Baş naziri, Türk Şurasının Baş katibi, eləcə də Ümumdünya Səhiyyə Təşkilatının iştirakı ilə ümumilikdə 9 iştirakçıdan ibarət Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının beynəlxalq səviyyədə videokonfransı da dayanıqlı və şifrli bağlantı üzərindən baş tutdu.
"AzInTelecom"un texniki və texnoloji dəstəyi, funksional sistemin düzgün qurulması sayəsində koronavirus pandemiyası ilə mübarizə mövzusuna həsr olunmuş Türk Şurasına üzv dövlətlərin səhiyyə və nəqliyyat sahəsi üzrə nazirlərinin videokonfransında da davamlı və keyfiyyətli canlı bağlantı yaradıldı, bulud texnologiyaları əsasında görüş keçdi.