“Bakutel-2019” Sərgisi keçiriləcək
“Bakutel-2019” Sərgisi keçiriləcək
29 Noyabr 2019 15:52 İKT3 - 6 dekabr tarixlərində Bakı Ekspo Mərkəzində "Bakutel-2019" 25-ci Yubiley Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisi keçiriləcək. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorundan "OLAYLAR"-a bildirilib ki, hər il olduğu kimi, bu il də tədbirdə bir-birindən maraqlı layihələr təqdim edən stendlər qurulacaq. Sərgi Xəzər bölgəsində innovasiya və yüksək texnologiyalar sahəsində ən böyük hadisə olmaqla yanaşı, həmçinin işgüzar əlaqələrin qurulması üçün unikal məkandır.
Yubiley sərgisində 23 ölkədən 240-dan çox şirkət iştirak edəcək. ABŞ, Belarus, BƏƏ, Fransa, İran, İsrail, İtaliya, Rusiya, Sloveniya, Türkiyə, Xorvatiya və digər ölkələrin ticarət palataları və səfirliklərinin dəstəyi ilə aparıcı İT şirkətlərindən ibarət milli qruplar sərgidə təmsil olunacaq.
Sərginin debütantlarının sayı ümumi iştirakçıların 30 faizini təşkil edir. Sərgi həm iş, həm də gündəlik həyat üçün "ağıllı" həllər təklif edir.
"Bakutel" sərgisinin işgüzar proqramına kommunikasiya, dialoq və effektiv həll variantlarının axtarışı üçün müasir platformalar: "İnnovasiyalar zonası" və "Təqdimatlar zonası" daxildir. Bu dinamik zonalarda müxtəlif maraqlı tədbirlər keçiriləcək.
Tədbir çərçivəsində "Forbes" jurnalının redaksiya direktoru Nikolay Uskovla qapalı görüş keçiriləcək. Sərginin xüsusi qonağı məhz bu tədbirdə iştirak etmək üçün Bakıda səfərdə olacaq və biznes sahəsində innovasiyalar haqda məlumat verəcək.
Sərgi çərçivəsində 4-5 dekabr tarixlərində "Bakutel Tech Talks" Beynəlxalq Müzakirə Platforması təşkil ediləcək. Dolğun məzmun, yüksək səviyyəli məruzəçilər və qızğın müzakirələr rəqəmsal texnologiyalar aləminə dalmaq, bununla da sərginin iştirakçı və ziyarətçilərinə gələcəyə nəzər salmaq və sektorun ən vacib təmayüllərini izləmək kimi unikal fürsət verəcək.
"Bakutel-2019" sərgisində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin 9 qurumunun təqdimatında müxtəlif yenilikləri özündə əks etdirən stendlərdə xidmətlər və layihələr nümayiş olunacaq. "Azərpoçt" MMC, "Aztelekom" MMC, "AzInTelecom" MMC, "Azərmarka" MMC, "Baktelecom", Dövlət Radiotezliklər İdarəsi, İnnovasiyalar Agentliyi, Məlumat Hesablama Mərkəzi, Yüksək Texnologiyalar üzrə Tədqiqatlar Mərkəzinə məxsus stendlər bu il də seçiləcək.