“Samsung Galaxy XCover FieldPro” smartfonu nümayiş olundu
“Samsung Galaxy XCover FieldPro” smartfonu nümayiş olundu
30 Oktyabr 2019 11:57 İKT"Samsung" şirkəti istehsal və ya tikinti meydançaları kimi çətin şəraitlərdə istifadə üçün nəzərdə tutulan yüksək dözümlülüyə malik "Galaxy XCover FieldPro" smartfonunu təqdim edib.
"MIL-STD-810G1" və "IP68" standartlarına uyğun hazırlanan yeni qurğu zərbə, düşmə, vibrasiya, temperatur dəyişiklikləri və 1,5 metr su dərinliyi altında 30 dəqiqə qalmağa qarşı dözümlüdür. Bundan əlavə, "Samsung Galaxy XCover FieldPro" ratsiya rejimində (Push-to-Talk) işləyə bilir. 5,1 düym diaqonallı ekran "QHD" (2560 × 1440 piksel) təsvir ölçüsünə malikdir. Arxa tərəfdə daktiloskopik skaner və 3 işıq diodlu işıqlandırıcı ilə təchiz edilən 12 meqapikselli kamera quraşdırılıb. Ön kamera 8 meqapikselli sensor əsasında hazırlanıb.
Smartfonun əsasını "Exynos 9810" prosessoru təşkil edir. Bu çip 2,7 QHs takt tezlikli 8 hesablayıcı nüvəni və "Mali G72MP18" qrafik kontrollerini özündə birləşdirir.
"Samsung Galaxy XCover FieldPro" 4 giqabaytlıq operativ və 64 giqabaytlıq quraşdırılmış yaddaş, "microSD" çıxışı, "Wi-Fi 802.11a/b/g/n/ac" və "Bluetooth 5.0" simsiz rabitə adapterləri, "GPS/GLONASS/Galileo" qəbuledicisi, "NFC" modulu, "USB Type-C" portu və qulaqcıq üçün 3,5 millimetrlik çıxış ilə təchiz olunub.
Qabaritləri 158,5 × 80,7 × 14,2 mm, çəkisi 256 qram təşkil edən smartfonun enerjisini 4500 milliamper/saat tutumlu akkumulyator batareyası təmin edir.