DÇ-2026: K qrupunda pley-offa vəsiqə qazanan komandalar müəyyənləşib
10:57 İdmanFutbol üzrə dünya çempionatında K qrupunun sonuncu - III turunun oyunlarına yekun vurulub.
Qrupun mərkəzi qarşılaşmasında Kolumbiya və Portuqaliya yığmaları üz-üzə gəliblər. Mayami stadionunda keçirilən görüşdə hesab açılmayıb - 0:0. Bu nəticədən sonra xallarını 7-yə çatdıran Kolumbiya qrup lideri kimi pley-offa adlayıb. Portuqaliya isə 5 xalla qrupu ikinci sırada tamamlayaraq 1/16 finala vəsiqə qazanıb.
Qrupun digər həlledici oyunu Atlanta stadionunda Konqo Demokratik Respublikası və Özbəkistan seçmələri arasında keçirilib. Görüş Afrika təmsilçisinin 3:1 hesablı əzmkar qələbəsi ilə yekunlaşıb. Matçda hesabı 10-cu dəqiqədə Özbəkistan millisinin hücumçusu Eldor Şomurodov açsa da, Konqo geridönüş etməyi bacarıb. Afrika komandasına qələbə gətirən qolları Yoan Vissa (68-ci dəqiqə penaltidən, 90+1-ci dəqiqə) və İbrahim Mayele (78-ci dəqiqə) vurublar.
Bu vacib qələbə sayəsində Konqo yığması da turnirin pley-off mərhələsinə yüksəlməyi rəsmiləşdirib. Özbəkistan isə dünya çempionatı ilə vidalaşıb.