Bir gecə, dörd oyun, səkkiz taleyin hökmü - Mundialın xəritəsi yenidən çəkilir...

Bu gün axşam və səhər saatlarına doğru Dünya Çempionatı-2026-da həm I, həm də J qruplarında taleləri dəyişə biləcək qarşılaşmalar keçiriləcək. Günün mərkəzi oyunları Argentina-Avstriya (21:00) və Fransa-İraq (01:00) matçları olsa da, Norveç-Seneqal (04:00) və İordaniya-Əlcəzair (07:00) görüşləri də pley-off uğrunda mübarizəyə ciddi təsir göstərəcək. Favoritlər gözləntiləri doğrultmağa çalışacaqlar, sürpriz axtaranlar isə son şanslarını dəyərləndirməyə cəhd edəcəklər...

J qrupunun lideri Argentina ilk turda Əlcəzairi 3:0 hesabı ilə məğlub edərək çempion ambisiyalarını nümayiş etdirdi. Lionel Messinin het-triki dünya futboluna bir daha göstərdi ki, 39 yaşına yaxınlaşsa da, o hələ də mundialın ən təhlükəli oyunçularından biridir. Argentina qələbə qazanacağı halda qrup liderliyini demək olar ki, təmin edəcək. Lionel Skaloni komandasını əvvəlki mundiallarla müqayisədə daha balanslı formaya salıb. Messi, Xulian Alvares, Mak Allister və Enzo Fernandes kimi futbolçular istənilən rəqib üçün təhlükə yaradır. Komanda həm topa nəzarətdə, həm də sürətli əks-hücumlarda çox effektiv görünür.

Ralf Ranqnikin Avstriyası Avropanın gizli favoriti sayılır. Bu komanda ilk turda İordaniyanı 3:1 hesabı ilə məğlub edib və qrupda ikinci pillədə qərarlaşıb. Avstriyanın əsas üstünlüyü yüksək pressinq və fiziki gücdür. Sabitzer, Baumqartner və Arnautoviç kimi oyunçular Argentina müdafiəsini sınağa çəkə bilər. Lakin fərdi ustalıq baxımından argentinalılar daha üstün görünürlər.

Oyuna gəldikdə, Argentina favoritdir. Lakin Avstriya bu mundialın sürpriz komandalarından biri olmaq potensialına malikdir. Heç-heçə belə qrupun son turunu daha da maraqlı edə bilər.

I qrupunun əsas favoriti Fransa ilk turda Seneqalı 3:1 hesabı ilə məğlub etdi. İraq isə Norveçə 1:4 uduzaraq çətin vəziyyətə düşüb. Bu görüşdə Fransa qələbə qazanarsa, pley-offa vəsiqəni böyük ölçüdə təmin edə bilər. Didye Deşamın sərəncamında Fransanın yenə də ulduzlarla dolu heyəti var. Kilian Mbappe ilk turda iki qol vuraraq əla formada olduğunu göstərib. Fransa həm sürət, həm texnika, həm də ehtiyat qüvvə baxımından mundialın ən güclü kollektivlərindən hesab olunur.

İraqın bu mundiala çıxması özü böyük uğurdur. Komanda 40 ildən sonra yenidən dünya çempionatında iştirak edir. Lakin Norveçlə oyunda müdafiədə ciddi problemlər ortaya çıxdı. İraqın əsas məqsədi Fransaya qarşı ləyaqətli oyun göstərmək və son tur öncəsi şanslarını qorumaq olacaq.

Kağız üzərində Fransa aşkar favoritdir. Turnirin ən böyük hesablı qələbələrindən biri də məhz bu oyunda qeydə alına bilər.

Norveç-Seneqal oyunu isə bəlkə də günün ən maraqlı və balanslı qarşılaşmasıdır. İlk turda İraqı 4:1 hesabı ilə məğlub edən Norveç hücum futbolu ilə diqqət çəkdi. Erlinq Haaland hazırda "Qızıl buts" uğrunda əsas namizədlərdən sayılır. Skandinaviya təmsilçisi qələbə qazanacağı halda pley-offa çox yaxınlaşacaq.

Seneqal isə Afrika qüruru sayılır. İlk oyunda Fransaya uduzsa da, pis təsir bağışlamadı. Fiziki güc, sürət və intizam bu komandanın əsas silahlarıdır. Afrika təmsilçisi uduzacağı halda vəziyyəti xeyli çətinləşəcək. Buna görə də onlar meydançaya final oyunu psixologiyası ilə çıxacaqlar. Bu qarşılaşma qrupun taleyini müəyyənləşdirə biləcək oyundur. Norveç bir qədər üstün görünsə də, Seneqal sürpriz etməyə qadirdir.

Günün ən kritik matçlarından biri İordaniya ilə Əlcəzair arasında baş tutacaq. İordaniya tarix yazmaq istəyən komandadır. Dünya çempionatında ilk iştiraklarıdır. Birinci oyunda Avstriyaya məğlub olan İordaniya artıq xal itirmək lüksünə malik deyil. Asiya təmsilçisi sürətli əks-hücumlara və komanda oyununa güvənir.

Əlcəzair üçün isə bu matça son şans deyək. Bu ölkənin millisi ilk turda Argentina qarşısında 0:3 hesabı ilə məğlub oldu. Buna baxmayaraq, komandanın baş məşqçisi Vladimir Petkoviç hesab edir ki, İordaniya ilə görüş onların həqiqi gücünü göstərmək üçün ideal imkandır. Qələbə Əlcəzairi yenidən pley-off yarışına qaytara bilər.

Təzyiq daha çox Əlcəzairin üzərindədir. Məğlub olan tərəf böyük ehtimalla mundialla erkən vidalaşacaq. Buna görə də açıq və gərgin mübarizə gözlənilir.

Yekun olaraq bildirək ki, bu oyunlardan sonra Fransa və Argentina pley-offun ilk iştirakçıları sırasına qoşula bilər. Digər tərəfdən, Norveç-Seneqal və İordaniya-Əlcəzair görüşləri həm I, həm də J qruplarında bütün hesabları alt-üst etmək potensialına malikdir. Dünya çempionatı artıq elə mərhələyə daxil olur ki, hər xal qızıl dəyərindədir və bu gecə bir neçə komandanın taleyi həll olunacaq...Müsavat.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31