Bakıda bədii gimnastika üzrə 31-ci Ölkə Birinciliyi keçirilib (FOTO)

26-28 mart tarixlərində Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 31-ci Ölkə Birinciliyi uğurla baş tutub.

Trend xəbər verir ki, yarışda ölkənin 18 klubunu təmsil edən 200-ə yaxın gimnast iştirak edib.

Paytaxt Bakı ilə yanaşı, Abşeron, Sumqayıt, Mingəçevir, Şamaxı, Zaqatala, Şəki və Gəncə şəhərləri də yarışda təmsil olunub.

Birincilik çərçivəsində gimnastlar balacalar, yeniyetmələr və gənclər yaş kateqoriyalarında çıxış edərək alətsiz, halqa, top, gürzlər, lent və iplə proqramlarını nümayiş etdiriblər. Fərdi proqramlarla yanaşı, balacalar və yeniyetmələr kateqoriyasında qrup hərəkətləri üzrə çıxışlar da təqdim olunub.

Təsnifat mərhələsinin yekunlarına əsasən final mərhələsinə vəsiqə qazanan gimnastlar həlledici çıxışlarda ən yüksək nəticələr uğrunda mübarizə aparıblar. Yarışın nəticələrinə görə fərqlənən gimnastlar mükafatlandırılaraq fəxri kürsüdə yer alıblar.

Üç gün davam edən birincilik çərçivəsində tamaşaçılar üçün də müxtəlif interaktiv müsabiqələr təşkil olunub. Müsabiqələrin qalibləri beynəlxalq turnirə bilet qazanmaq imkanı əldə ediblər.

Foto: Arif Quluzadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31