“Qarabağ”ın oyununun vaxtı dəyişdirilir? – Klubdan açıqlama
15:37 İdmanMəlum olduğu kimi, yanvarın 21-də Tofiq Bəhramov adına Respublika Stadionunda "Qarabağ" komandası Almaniyanın "Ayntraxt" klubunu qəbul edəcək.
Sabah hava şəraitinin soyuq və qarlı olması oyun vaxtının dəyişdirilməsi və ya təxirə salınması ilə bağlı müzakirələrə səbəb olub.
Globalinfo.az məsələ ilə bağlı "Qarabağ" FK-nın mətbuat xidmətinin rəhbəri Anar Hacıyevlə əlaqə saxlayıb.
Klub rəsmisi oyunun planlaşdırıldığı kimi, 21 yanvar saat 21:45-də başlayacağını bildirib:
"Oyunun saatını dəyişdirmək mümkünsüzdür. Bu, bizim səlahiyyətimizdə olan məsələ deyil. Hava dəhşətli dərəcədə soyuq olmadığı üçün fors-major hal hesab edilmir. Daha soyuq ölkələrdə belə oyunlar keçirilir. Məsələn, Norveçdə -20 dərəcədə də futbol oynanılır".
A.Hacıyev həmçinin azarkeşlərin komandalarını tək qoymayacağına inandığını qeyd edib:
"Dünənə olan məlumata görə, 24 500 bilet satılıb. Havanın soyuqluğunun stadiona gələn azarkeşlərin sayına təsir edib-etməyəcəyini demək çətindir. Amma oyunun həm azarkeşlərimiz, həm də komandamız üçün vacib olduğunu nəzərə alsaq, inanıram ki, azarkeşlərimiz bizi tək qoymayacaq və gəlib komandamızı dəstəkləyəcəklər".