Qarabağ - Ayaks oyunu: ibrət dərsləri- ÖZƏL
10:23 İdmanDoğru olmayan və narahatedici məqam odur ki, dünən Qurban Qurbanova heykəl qoymağı düşünən cəmiyyət bu gün onu ağır bir şəkildə linç edir. Əlbəttə, yaxşı nəticələri təriflədiyimiz kimi, səhvləri də tənqid etməyi bacarmalıyıq. Lakin, tənqid başqa, emosiyalarla dolu linç etmək başqa. Qarabağ FK-nı bu səviyyəyə qədər gətirdiyinə, indiyə qədər yaşatdığı sevinc və həyəcanlara görə Qurban müəllimə həmişəlik minnətdar olacağıq və bir-iki səhvə görə uzunmüddətli xidmətlər və uğurların üzərindən xətt çəkmək doğru olmaz. Unutmayaq ki, Qurban Qurbanov xəyanət etmədi, sadəcə səhv etdi və həmin səhvin də ən böyük mənfi təsir və zərbələri onun özünə dəydi.
Qurban müəllimin buraxdığı səhv bu gün istər dövlət qurumları, istərsə də təəssüf ki, iri və orta biznes subyektlərinin bir çox rəhbərlərinin (əlbəttə hamıya aid deyil və çoxsaylı istisnalar da var) buraxdığı səhvlərdən fərqlənmir. Sadəcə olaraq, Q.Qurbanovun səhvi göz önündədir, amma rəhbər şəxslərin səhvləri hamı tərəfindən görülmür, nəticələri ölçülmür, mənfi təsir və nəticələrini isə həmin rəhbər şəxslər 30, 60 dəqiqəyə deyil, bir neçə ilə görür, hiss edir və bədəllərini öz karyeraları ilə ödəyirlər. Amma iş işdən keçəndən sonra...
Nədir bu səhvlər? Müqayisə edək. 21 yaşlı Nəriman Axundzadə öz yerli futbolçumuzdur və Q.Qurbanovun ən sevimli oyunçularından biridir. Düşüncə və həyat tərzləri, simpatiya hissi, onun karyerasını sürətli bir şəkildə inkişaf etdirmək hissi və sair amillər bu simpatiyanın səbəblərindəndir. Nəriman Axundzadə gənc futbolçu kimi bəzi avropa klublarının diqqət mərkəzinə düşüb və onu Qarabağdan almaq söhbətləri var idi. Haşiyə: Türk futbolçu Arda Güleri alan Real Madrid də aldıqdan sonra (baş məşqçi Ançelotti) yetişməli və fiziki hazırlığını möhkəmləndirməli olduğunu bəyan edərək onu 1 il demək olar ki, oynatmadı. Hələ bu gün də istedadlı gənc futbolçu Ardada avropa futbolçularına xas olan bəzi psixoloji və fiziki xüsusiyyətlərdə müəyyən çatışmazlıqlar hiss olunur. Deməli, diqqət mərkəzində olan Nərimanın daha sərfəli bazarlıq üçün daha sürətlə ad çıxartması, uğur qazanması və meydanda daha çox olmasına ehtiyac yaranır. Q.Qurbanov sevdiyi və yetişdirməsi saydığı bu futbolçu üçün daha çoxunu etməyə çalışır. Bu səbəblərdən Nərimanı Ayaksla oyunda oyunun sonuna hələ 30 dəqiqə qalmasına baxmayaraq 2:1 hesabı ilə (sürüşkən) üstünlüyün verdiyi şüuraltı rahatlığa aldanaraq oyuna buraxır. Bu dəyişiklik oyunçular üçün də gözlənilməz olur. Həmin dəyişikliyiə qədər oyun alınır, Qarabağ təzyiq göstərir, Duran rəqibin müdafiə xəttini böyük təzyiq altında saxladığı üçün Ayaks irəli atılmağa risk etmir, oyunda sistem formalaşıb, hesab və psixoloji üstünlük Qarabağın xeyrinədir. Belə bir anda mənası və fəlsəfəsi qeyri-müəyyən olan dəyişikliklər komanda üçün şok effekti yaratdı. Andrade və Duranın oyundan çıxarkən üz cizgiləri (Andrade ümumiyyətlə oyunu meydanın başqa hissəsindən tərk etdi) və bədən dili nə qədər narazı olduqlarını göstərirdi. Heç 5 dəqiqə keçmədən komandada sistemin pozulduğu (komanda artıq 10 nəfərlə oynadığını dərk etməyə başladı), xətlərarası əlaqənin tədricən itməyə başladığı, müdafiə xəttində Qarabağ tərəfindən təzyiqin azalması səbəbindən rəqibin hücumlarının kəmiyyət və keyfiyyət baxımından artdığı görünməyə başladı. Q.Qurbanov kifayət qədər təcrübəli və peşəkar məşqçidir. Rasional düşüncə yürütməyə və bunları hesablamağa ona nə mane oldu? Sadəcə olaraq, hisslərinə üstünlük verməsi və Nərimana olan simpatiyası, onu qazanılan qələbəyə şərik edərək motivasiyasını artırmağa çalışması. Başqa izahı yoxdur. Duran yorulmamışdı və əvəzlənməyə qədər etdiklərinin 10%-ni Nəriman yeni meydana girməsinə baxmayaraq edə bilmədi və bilməzdi. Q.Qurbanov rasional düşüncə və analitik təhlili hisslərinə, duyğularına və şəxsi simpatiyaya qurban verməklə ən böyük zərbəni məhz özünə vurdu. Bir azərbaycanlı kimi Qurban müəllimin xarakterinə xas olan bu səhvləri biz eynilə Şahruddinlə də bağlı gördük.
Bu xarakter təkcə Qurban müəllimdə var? Xeyr. Yuxarıda qeyd etdiyim kimi bir çox qurumları araşdıqda, onlardakı şişmiş struktur və rəhbər vəzifələrdəki (çatışmazlıq və təcrübəsizliyindən özünün də xəbəri olmayan, potensialından daha yüksək mövqeyə qoyulan bir çox gənc) Nəriman Axundzadələrin çoxluğu və onların da həmin qurumların fəaliyyət(sizliy)ində oynadığı "rol"ları analiz etdikdə şəxsən həm ölkə adına üzülürəm, həm də hərdən ümidsizliyə qapılıram. Peşəkarların əldə etdikləri uğurlara həmin sevimli kadrları (lyubçik) şərik etməyə çalışmaq, diletant özümünkü peşəkar özgədən yaxşıdır prinsipinin hakim olması, bitməkdə olan layihələri təcrübəli peşəkarlardan alınaraq həmin öyrənməkdə olan kadrlara ötürüb həmin layihələri məhv etmək, həmin kadrlar səbəbindən qurum daxilindəki peşəkarları küsdürmək, sistemin pozulmağına səbəb olmaq və sair kimi xüsusiyyətlər bir çox menecerlərdə var. Qanımıza, sümüyümüzə hopan bu səhv xarakterik cəhətlərdən zərər də görsək tərgitməyə çətinlik çəkirik. Burada önəmli fərq odur ki, futboldan fərqli olaraq həmin qurumlar milyonların gözü önündə olmadığı, fəaliyyətlərin səmərəliliyi ölçülmədiyi və görülmədiyi üçün mənfi nəticələr də görülmür. Amma indi mövcud ümumi vəziyyətə qeyd etdiyim bu səhvlərin nə dərəcədə mənfi təsir etdiyini görməyə, hiss və dərk etməyə başlayırıq.
Bunları ona görə yazdım ki, həyatımızın hər anından, hər bir səhvimizdən vaxtında və düzgün nəticə çıxaraq. Qarabağ FK min bir əziyyətlə gəldiyi bu yolda, nail olduğu bu səviyyədə böyük bir şansı (24-lüyə düşmək), büdcəsini daha çox artırmaq imkanlarını demək olar ki, əlindən buraxdı. Riyazi olaraq şanslar qalır. Lakin, o şansların reallaşması möcüzə olar. Dua edək, təki olsun. Biz isə mövcud hadisədən nəticə çıxararaq bir ölkə kimi, əldə etdiyimiz böyük layihələr, uğurlarımızdan daha güclü iqtisadiyyata malik qüdrətli sabahkı Azərbaycan naminə istifadə edə bilək, kadr məsələlərində Qurban müəllimin bir oyunda buraxdığı səhvləri rəhbərlik etdiyimiz qurumlarda davamlı təkrar etməklə böyük planları, uğur və layihələri cılız hisslərimizə, subyektiv düşüncələrimizə, simpatiya və antipatiya yönümlü yanaşmalarımıza Qurban etməyək!!!
P.S. Qarabağın psixoloji olaraq toparlanacağına, futbolçular arasında küsmək, kənara çəkilmək (Medina kimi xarici futbolçular da Çempionlar Liqasına öz karyeralarını yüksəltmək baxımından böyük ümidlə baxdıqları üçün bəzən öz imkanlarından daha çoxunu etməyə çalışırdılar və yaranmış vəziyyət onlar üçün də psixoloji zərbədir) kimi addımlar atılmaz, Qurban müəllim növbəti illərdə özünün A variantı ilə yanaşı, B və C variantlarını da hazırlamaqla mövcud səhvlərdən nəticə çıxararaq daha güclü Qarabağ futbol komandası formalaşdıracağına inanıram. İndiyə qədər bizə qazandırdığı bu qədər sevinc və fərəh hisslərini isə bir-iki səhvə görə unuda və üstündən xətt çəkə bilmərik! Biz Qarabağ FK-nu sevirik və bundan sonra da əvvəlki kimi sevməyə davam edəcəyik!!!

Elman Sadıqov
İqtisadçı ekspert