"McLaren" pilotu Azərbaycan Qran-prisindən danışdı

Oskar Piastri Bakı Qran-prisini ən sevdiyi yarışlardan biri hesab edir.

Olaylar.az xarici mətbuata istinadən xəbər verir ki, "McLaren" komandasının avstraliyalı pilotu Oskar Piastri Bakı şəhər trasında keçirilən yarışı "Formula 1" mövsümündə ən çox sevdiyi mərhələlərdən biri kimi qiymətləndirib.

"Bakı mənim üçün çox dəyərli xatirələrlə doludur. Bu yarışı ən sevdiyimlər sırasına daxil edirəm. Hər hansı bir trasda böyük uğur əldə etmisənsə, ora qayıdarkən əlavə motivasiya və üstünlük hiss edirsən", - deyə 24 yaşlı pilot Azərbaycan Qran-prisi öncəsi bildirib.

Hazırda "Formula 1"in ən perspektivli gənc pilotlarından biri kimi tanınan Piastri, qarşıdan gələn yarışda da yüksək nəticə qazanmaq niyyətindədir. O, Bakıda ardıcıl ikinci qələbəni hədəflədiyini gizlətmir.

Xatırladaq ki, 2024-cü ildə keçirilən Azərbaycan Qran-prisində Piastri qalib adını qazanmışdı. Yarışda ikinci yeri "Ferrari" pilotu, monakolu Şarl Lekler, üçüncü yeri isə "Mercedes" sürücüsü, britaniyalı Corc Rassel tutmuşdu.

Qeyd edək ki, 2025-ci il Azərbaycan Qran-prisi sentyabrın 19-dan 21-dək keçiriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31