Futbolumuzun inkişafına mane olan adamları dəyişsək, çox şey dəyişəcək- ÖZƏL

"Futbol dünyada yayılan ən geniş idman növüdür. Biz bu sahədə ən geridə qalanlar sırasındayıq. Futbol ölkəni tanıtmaq baxımından həm də böyük reklam və siyasətdir. Biz bu sahədə də geridə qalırıq". "Olaaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Elşad Musayev deyib: "Vəziyyəti dəyişmək üçün dövlət olaraq çox böyük imkanlarımız var. Nə etməli? İslahat həm yuxarıdan, həm də aşağıdan aparılmalıdır. Bizdən fərqlidir avropalılar, işi iş bilənə tapşırır onlar...İlk növbədə futbol təşərrüfatına baxan adamlar dəyişməlidir. İşi təsadüfi adamlara deyil peşəkarlara tapşırmalıyıq. Biz illərdir AFFA-nı SOCAR-ın prezidentlərinə tapşırmışıq. O kəslərə ki, bəlkə ömürlərində ayaqları heç futbol topuna dəyməyib. SOCAR futbol təsərrüfatımızı maliyyələşdirsin, amma SOKAR-ın prezidenti və ya rəhbərliyində olan kimsə həm də AFFA-nın prezidenti olmasın.
 Necə olur? Adamlar  həm futbolumuzu  maliyyələşdirir, həm idarə edir, həm də özləri-özlərinə nəzarət edir? Ən yaxşı yol vəsaiti peşəkarlara verib, onların işinə nəzarət etməkdir. Uşaq futbolunu inkişaf etdirməliyik. Xaricdən mütəxəssis gətirməliyik. Seleksiya işləri aparmalıyıq, yerlərdə uşaqları seçməliyik. Hamı belə deyir. Düzdür, amma bu işlər də sistemli aparılmalıdır. 
Yerlərdə necə uşaq seçək ki, bu uşaqların oynadığı stadionları ləğv edib yerində şadlııq evləri tikmişik. Yerli orqanlar gölə, bataqlığa zir-zibil, torpaq töküb satır, amma stadiona, uşaq bağçasına, məktəbə yer ayırmaq ağıllarına gəlmir. Aydın məsələdir ki, yerlərdə stadionların olmaması həm peşəkar idmançılarımızın yetişməsinə mane olur, həm də gənc nəslin neqativ vərdişlərə (narkotika və s) qoşulmasına səbəb olur.
Bir sözlə, həm yuxarıdan, həm də aşağıdan işimizi yenidən qurmasaq bu futbol biyabırçılığı davam edəcək. Mən optimisəm-əminəm ki, hər şey yaxşılığa doğru dəyişəcək. Futbolumuzun inkişafına mane olan adamları dəyişsək çox şey dəyişəcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31