“Formula 1”in Azərbaycanda turizmə təsiri: Hansı sahələrdə yeni imkanlar yaranır?
2 Sentyabr 23:03 İdmanDünya üzrə yarım milyarda yaxın tamaşaçı auditoriyasına malik olan "Formula 1"in Bakıda keçirilməsi Azərbaycanın tanıdılması və imicinin formalaşması işinə öz müsbət töhfəsini verir.
Yarışdan əvvəl və yarış müddətində ölkəmizə çoxsaylı azarkeşlərlə yanaşı, beynəlxalq media nümayəndələri də gəlir ki, bu da ölkənin və paytaxtın tanıdılması üçün əlverişli imkandır.
Trend-in xəbərinə görə, yarış dünyanın bir çox ölkələrində canlı yayımlanır və bununla da qısa müddət ərzində xeyli sayda insan Azərbaycan haqqında məlumat alır.
Dövlət Turizm Agentliyindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, "Formula 1"in turizmə təsiri yalnız cari olaraq yarışlara gələn azarkeşlərin sayı ilə ölçülməməlidir.
"Bütövlükdə "Formula 1" kimi beynəlxalq tədbirlər həm də uzunmüddətli planda turizmin inkişafına öz töhfəsini verir, iqtisadi baxımdan iqtisadiyyatın turizmlə bağlı müxtəlif sahələrində canlanma yaradır. Bu kimi irimiqyaslı beynəlxalq tədbirlər ərəfəsində və müddətində Azərbaycanda turizm sənayesi ilə birbaşa və dolayı yolla əlaqəli kiçik və orta sahibkarlığın inkişafı üçün yeni imkanlar yaranır", - deyə Agentliyinin məlumatda vurğulanıb.
Qeyd edilib ki, ilboyu Dövlət Turizm Agentliyi tərəfindən bütün beynəlxalq tədbirlərdə və sərgilərdə ölkəmizin turizm potensialının, müxtəlif turizm məhsullarının, eləcə də "Formula 1" yarışlarının təbliğatı aparılır.