Qarabağ futbol klubumuzun uğurunun pərdə arxasındakı həlledici ibrətamiz nüanslar- ÖZƏL

İlbəil öz uğurlarını artıran və ölkə futbolunun reytinqini müqayisəolunmaz dərəcədə yüksəltməklə, nəhayət Avropanın 36 ən güclü klub komandasından biri olmaqla  (komandaların sayının yüzlərlə olduğunu nəzərə alaq) ölkə gündəmini zəbt etmiş Qarabağ futbol klubunun nailiyyətlərinin görünməyən tərəflərinə, düzgün vizyon, strategiya və taktikanın bir klubun inkişafındakı əvəzolunmaz əhəmiyyətinə toxunmaq istərdim. Məhz bu görünməyən tərəflərin maraqlı və həm də digər klublarımız, milli komandamız üçün də ibrətamiz və faydalı olacağını düşünürəm. 
Qarabağ futbol klubunu Azərsun Holdunq 2001-ci ildə sponsorluğa götürdü. Həmin dövrdə Azərsun Holdinqin bankında departament müdiri vəzifəsində çalışırdım və holdinq şirkətlərinə keyfiyyətli xidmət əsas istiqamət olduğundan açılan hər bir müəssisə, yeni fəaliyyət istiqaməti diqqət mərkəzimizdə idi. Həmin dövrdə Holdinq bütün diqqətini yeni istehsal müəssisələrinin açılışına yönəltmişdi. Holdinq qarşısında rəhmətlik Prezident Heydər Əliyev tərəfindən "idxal etdiyiniz məhsulların ölkəmizdə istehsal müəssisələrini qurun ki, məşğulluq artsın, yeni iş yerləri açılsın, idxalı əvəz edərək valyutaya qənaət edək" tapşırığı qoyulmuşdu. Bütün gün yeni müəssisələrin biznes planları, həmin müəssisələrə gətirilən avadanlıqlar üçün açılan beynəlxalq akreditivlər, maliyyələşmə istiqamətləri, gələn mütəxəssislərin həmin tikilməkdə olan müəssisələrlə, proses və ideyalarla tanışlığı, fikir və təcrübə mübadilələrinin olduğu bir vaxtda, məhz 2001-ci ildə bir futbol klubunun sponsorluğa götürülməsi tamamilə yeni bir istiqamət idi, həm də gözlənilməz oldu. 
Sponsorluğa götürülən zaman klubun maddi vəziyyəti, kadr potensialı (o cümlədən mühasibatlıq, maliyyə menecmenti və sair) çox zəif idi. Azərsun Holdinqin rəhmətlik Prezidenti Abdolbari Goozal mənə belə bir tapşırıq verdi ki, klubun maliyyələşməsində hər hansı texniki problemlər (sənədlərin, ərizələrin tərtibi, overdraftların açılması və sair) olarsa yaxından kömək edin, dəstək verin. Sonra əlavə etdi ki, bilirəm, bütün holdinqin şirkətləri, yeni qurulmaqda olan istehsal müəssisələri ilə məşğulsunuz, amma buna fərqli baxın, burada maddi qazancımız olmasa da müqayisəolunmaz mənəvi məsələdir. Ölkə rəhbərinin böyük önəm verdiyi bir məsələdir. Bu həm də təkcə futbol deyil, Qarabağ məsələsidir. Bundan 1-2 il sonra isə Azərsun Holdinqin böyük (konfrans) zalında geniş auditoriya qarşısında belə bir çıxış etdi (bəzi çıxışlar yaddaşa ömürlük həkk olunur):   
"Ölkə rəhbəri Qarabağ-Azersun (o zaman belə adlanırdı) klubunun güclənməsini və məşhurlaşmasını çox istəyir. Bu səbəbdən bu klubun sponsorluğunu bizə həvalə edib. Bu həm də böyük məsuliyyətdir. Ölkə rəhbərliyi ilə bu barədə fikir mübadilələrimiz olub və düşünürük ki, bir neçə illər sonra bu klub güclənərək Avropada UEFA kuboklarında aparıcı Avropa komandaları ilə oynayacaq. Həmin ölkələrin azarkeşləri, o cümlədən digər ölkələrin futbol azarkeşləri Qarabağ adı ilə, onun tarixi ilə, Azərbaycanla maraqlanacaqlar. Biz bu vəsilə ilə Qarabağ adını daha çox ölkəyə, insana çatdırcağıq, Qarabağın Azərbaycana məxsus olduğunu öz sahəmizdə sübut etməyə çalışacağıq (Qeyd: BU DÜZGÜN VƏ UZAQGÖRƏN VİZYON İDİ). Həmin dövrdə Milli komandanın qeyri-stabil oyunları, konkret nailiyyətlər qazanmaması (təəssüf ki, bu tendensiya indi də davam edir), zəif ölkə çempionatı fonunda bu fikirlər əksəriyyət tərəfindən skeptik qarşılanmış, inandırıcı görünməmişdi. 
Azersun Holdinqin Prezidenti çıxışına davam edərək qeyd edir ki, bunun üçün biz tələsməyəcəyik. Yaxın müddət üçün konkret böyük və tələsik hədəflərimiz yoxdur, hədəfimiz Avropa komandaları ilə görüş üçün hazırlıqlı və təcrübəli olmaq, stabil nəticələr əldə etməkdir. (Qeyd: BU YUXARIDA QEYD OLUNAN VİZYONUN GERÇƏKLƏŞMƏSİ ÜÇÜN DÜZGÜN SEÇİLMİŞ STRATEGİYA İDİ). Öncə ölkə çempionatında (qeyd: yadımdadır, işimizin çox olmasına baxmayaraq Qarabağın rayon səfərlərinə də avtobuslarla mütəşəkkil şəkildə gedib komandanı dəstəkləyirdik) liderlər arasına düşəcəyik, təcrübəmizi artıracağıq, yeni oyunçular gətirəcəyik, möhkəmlənəcəyik (Qeyd: BU DÜZGÜN SEÇİLMİŞ STRATEGİYANIN HƏYATA KEÇİRİLMƏSİ ÜÇÜN DƏQİQ HESABLANMIŞ PEŞƏKAR TAKTİKALAR İDİ). İbrətamizdir!!!
2008-ci ildə komandaya baş məşqçi kimi cəlb olunan Qurban Qurbanov bu fəlsəfə üzərində təcrübələr qazanmış və özül formalaşdırılmış komandanı daha yüksək səviyyəyə çıxartmağı bacardı. Artıq 1 il sonra (23.07.2009) komanda Norveçin güclü Rosenborg komandasını 1:0 məğlub etməklə (Norveçdə 0-0 oynamışdılar ki, bu da sensasiya olmuşdu) Avropa liqasından uzaqlaşdıraraq Avropaya səs salmağa bacardı (həmin oyun və gətirdiyi səs-küy unudulmaz xatirələrdən biridir).
Arayış: 2004-2005-ci illərdə söhbətlərinin birində Abdolbari Goozal bəy 2001-2003-ci illərdə seçilmiş və formalaşmış bu vizyon, strageiya və taktikanı yeni seçilmiş Prezident İlham Əliyevin hələ həmin illərdə dəstəklədiyini, həyata keçməsi üçün əlindən gələn nə varsa edəcəyini bildirməklə kifayətlənmədiyini, tez-tez işlərin necə getdiyi, hansısa dəstəyə ehtiyac olub-olmadığını soruşduğunu və 2003-cü ildən sonra Qarabağ-Azərsun futbol klubunun ölkə rəhbərliyinin ən önəm verdiyi məsələlərdən birinə çevrildiyini vurğulamışdı. Sonra əlavə etmişdi ki, bu mənə və bizim hər birimizə çox böyük həyəcan və məsuliyyət verir. Bu Arayışı verməkdə məqsədim tərifləmək deyil, məqsədim qoyulan tapşırıq və məsuliyyətin düzgün dərk olunması, onun həyəcanını, məsuliyyətini yaşayıb həmin tapşırığın icrası üçün vicdanla çalışmağa nail olmaq üçün əlindən gələni etməkdir! İbrətamizdir!!!
Bunların üzərindən 25 ilə yaxın vaxt keçib. Komandanın sərgilədiyi oyun, nailiyyətləri göz önündədir. Deməli, düzgün vizyon, strategiya və taktikalar özünü doğrultdu və gerçəkləşdi. 
Aydındır ki, hər bir şəxsin, şirkətin, klubun müvəffəqiyyət qazanmasında rol oynayan şəxslər, mütəxəssislər çoxdur. Amma həmin mütəxəssislərin nəticələrinin daha da güclü olmasını təmin edən amil düzgün vizyon, strategiya və taktikadır. Bunlar olmasa, dünyanın ən güclü məşqçilərini də gətirsəniz (Milli Komanda indiyə qədər kifayət qədər güclü məşqçilər cəlb etdi), dünya ulduzlarını da yığsanız nəticələr stabil və davamlı olmayacaq! 
Komanda bu uğurlarına görə azarkeşlərinə, futbolçularına, baş məşqçisinə, rəhbərliyinə borcludur. Amma ən böyük borcu istənilən sahə üçün ibrətamiz olan düzgün vizyonun, strategiyanın və taktikanın memarları olmuş böyük şəxsiyyətlərədir! 
Allah rəhmət eləsin! 
Yekun nəticələr:
- Dəstək vacibdir, lakin hər şey demək deyil! Dəstəyin səmərəsini tamamlayan amillər düzgün yanaşma, məsuliyyət və peşəkar icradır!
- Möhkəm özül yaratmadan, təcrübə yığmadan qısamüddətli uğurlara fokuslanmaq və hədəflənmək uzunmüddətli nailliyyət və müvəffəqiyyət gətirməz! Qarabağ FK bunu öncədən gözəl bilərək nəzərə almışdı.
- Hətta sponsorluq etməsinə baxmayaraq sponsor futbolu bilmədiyinə görə futbola qarışmır. Deyir ki, Qurban Qurbanovun hansı oyunçunu oynatmasına, hansı mövqedə oynatmasına, kimi transfer etməsinə qarışmırıq. Biz sadəcə maliyyələşdiririk! Bu siyasət indi də davam etdirilir! (Tahir Goozal`ın ən son müsahibələrinin birində bu məsələ vurğulanır);
- Niyyət önəmlidir! Şəxsi mənfəət, reklam deyil, Qarabağın oyununun keyfiyyəti və adının önə çıxması əsas niyyətdir!
- Davamlı olaraq komandaya həm yaxşı, həm çətin zamanlarında birbaşa mənəvi dəstək vermək! Kuboklar aldıqda da kuboku birlikdə qaldırırdılar, çətin, uğursuz zamanlarda da komanda ilə birbaşa söhbətlər edərək motivasiya verilirdi. 
- Yenə də, yenə də, yenə də... uzaqgörən vizyon, düzgün hesablanmış strategiya və həmin strategiyaya xidmət edən düzgün taktikalar!!!
P.S. Yeri gəlmişkən, Qarabağımızın və işğal olunmuş digər rayonlarımızın da azad olunmasında məhz bu vizyon, strategiya və taktikalardan istifadə olunmuşdur. Tələsməmək, zamanı düzgün seçmək, davamlı məqsədyönlü siyasət, güclənmək, stabillik!
 Bu yazını bir müddətdir ki, hazırlamışdım, lakin dərc etmək istəmirdim. Amma, bu yazıda düzgün niyyət, addım və yanaşmalara fokuslanaraq, bunları digər sahələrdə də həyata keçirmək düşünürəm ki, faydalı olar! Uzun tərəddüdlərdən və nəhayət Qarabağımızın bu möhtəşəm uğurundan sonra hər birimiz üçün ibrətamiz nüansların, yanaşmaların olduğunu nəzərə alaraq yazını dərc etdim!

Elman Sadıqov
Iqtisadçı ekspert

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31