Türkiyə millisinin 1/8 finala çıxmağa yaxşı şansı var

"Türkiyənin Portuqaliyaya məğlubiyyəti gözlənilən idi. Amma oyun baxımından komandanın çox geridə qalması haqlı tənqidlərə yol açır. Müdafiə-yarımmüdafiə-hücum arasında nizamsızlıq açıq-aydın göründü."Bunu  öz feysbuk  hesabında Abbas Bağırov yazıb.

"Gürcüstanla matçdakı qalib heyətdən 4 nəfər əsas heyətdə yox idi. Qapıçı Mert Günok zədəsinə görə oynaya bilmədi. Bu, başadüşülən idi. Mert Müldür, Arda Gülər, Kenan Yıldız da ilk 11-likdə yox idi. İlk 2 oyunçu Gürcüstanla görüşdə gözəl qol müəllifi olmuşdular. Baş məşqçi Montella yaxşı formada olan Ardanı oynatmamasını onun yorğun və zədəyə yaxın olması ilə əlaqələndirdi.

Ümumiyyətlə, Montellanın hələ də vahid start heyət qura bilməməsi, "11"likdə tez-tez dəyişiklik etməsi, yanlış seçimləri Türkiyənin futbol dairələrində narazılıq doğuran faktlardandır. Qəribədir ki, Montella dünən qapını Altay Bayındıra ("Mançester Yunayted") etibar etdi. Halbuki o, ötən mövsüm İngiltərədə (kubok matçında) cəmi 1 oyun keçirib və lazımi formada deyil. Ən azı dünənki matçda buraxılan 2-ci kobud qol buna sübut idi. Ötən mövsüm "Trabzonspor"la bütün turnirlərdə 42 oyunda iştirak etmiş Uğurcan Çakır isə ehtiyatda idi. Niyə?

Onu da qeyd eləmək olar ki, Türkiyə millisi bu gün üçün Portuqaliya kimi güclü rəqiblərin davamlı təzyiqi qarşısında duruş gətirməyə hazır deyil. Xüsusən müdafiə xətti... Müdafiə ilə yanaşı yarımmüdafiənin cinahları, orta xətt, hücum xətti isə ölü vəziyyətdə idi. Bunu ağır mövsüm keçirmiş futbolçuların yorğunluğu ilə də əlaqələndirmək olar. Amma bu fakt da var ki, Avro-2024-ün ən yaşlı oyunçusu olan 41 yaşlı Pepe də ötən mövsümün yorğunluğunu hələ atmayıb. Amma Türkiyəyə qarşı matçın ən yaxşılarından idi.

Və sonda onu qeyd edək ki, Türkiyə millisinin 1/8 finala çıxmağa yaxşı şansı var. Bunun üçün Çexiya ilə qrupun son oyununda (26 iyun) cəmi 1 xal da kifayət edir. Amma unutmayaq ki, bu oyun mütləq qələbəyə oynamalı olan çexlər üçün də son şansdır."- deyə o əlavə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31