Bəhlul Mustafazadə: “Yorğunluğa baxmayaraq, ikiqat məsuliyyətlə çalışacağıq”

"Bizi fərqli futbol mədəniyyətinə sahib komandalarla oyunlar gözləyir. Bu bizim üçün böyük təcrübə olacaq".

Olaylar.az xəbər verir ki, bunu Azərbaycan millisinin futbolçusu Bəhlul Mustafazadə deyib.

O, "FIFA Series - Edition 2024" layihəsi çərçivəsində keçiriləcək Azərbaycan - Monqolustan oyunundan öncə Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan mətbuat konfransında matçla bağlı fikirlərini açıqlayıb. Mustafazadə bildirib ki, yığmada ab-hava yüksək səviyyədədir: "Hər şey qaydasında davam edir. İstənilən yorğunluğa baxmayaraq, milli komandada oyunçular ikiqat məsuliyyətlə çalışacağıq".

"Qarabağ"ın müdafiəçisi Avropa Liqasının 1/8 finalda Almaniyanın "Bayer" klubu ilə keçirdikləri oyunlardan (2:2, 2:3) da danışıb: "Bütün Azərbaycan xalqı "Bayer"lə mübarizədən məmnun olub. Əgər 100 milyonluq oyunçu topu qapıya vura bilmirsə, mənim də qol vura bilməməyim mənə təsir etmir".

Qeyd edək ki, Azərbaycan millisi "FIFA series - Edition 2024" turnirində martın 22-də Monqolustan, 25-də isə Bolqarıstan ilə qarşılaşacaq. Hər iki görüş saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31