Fərid Qayıbov: “Kamilliyə doğru, Paris-2024-ə aparan yol...”
13 Mart 2024 19:38 İdman"Öz mart qeydimi gimnastikanın inkişafını mənə elə gəlir ki, ideal əks etdirən bir neçə sözlə başlamaq istəyərdim: kamilliyə doğru, Paris-2024-ə aparan yol...".
Olaylar.az xəbər verir ki, bu fikir Avropa Gimnastikasının prezidenti Fərid Qayıbovun qurumun saytındakı ənənəvi "Prezidentin qeydləri" rubrikasında yer alıb.
O, ötən ayın əsas məqamlarına toxunub: "Olimpiya təsnifat xarakterli FİG Dünya kuboku seriyasında hərəkətləri nümayiş etdirən gimnastların ədalətli mübarizəsini, istəyini daha yaxşı əks etdirən başqa söz yoxdur.
Biz idman gimnastikası (Qahirə / Kotbus / Bakı) və batut gimnastikası (Bakı) üzrə Dünya kuboku seriyalarında iştirakçıların böyük sayının şahidi olduq, çünki idmançılar daha çox təsnifat xalı toplamağa çalışırdılar.
Doğma ölkəmdə fevralın 23-25-də batut gimnastikası, martın 7-10-da idman gimnastikası üzrə yarışları izləməyə nail oldum ki, orada atmosfer inanılmaz dərəcədə heyrətamiz idi".
O, FİG İcraiyyə Komitəsinin fevralın 27-29-da Uqandanın paytaxtı Kampalada keçirilən 2024-cü ildəki ilk iclası ilə bağlı da fikrini açıqlayıb: "Bizim çox gərgin qrafikimiz var idi. Çünki iclasın gündəliyi müzakirə üçün vacib olan məsələlərlə zəngin idi. Biz bəzi qərarlar qəbul edə bildik: bir neçə növdə FİG yarışlarının əsasnaməsi təsdiqləndi, hakimliyin ümumi qaydalarına dəyişikliklər edildi, xüsusi hakim qaydaları, dünya çempionatı qaydaları, akkreditasiya qaydaları və s. təsdiqləndi ki, onlar gələn ildən qüvvəyə minəcək.
Az əvvəl qeyd etdiyim dörd tədbirin coğrafiyası Avropa ilə bağlıdır. Portuqaliya (akrobatika üzrə dünya çempionatı-2024 və yaş qrupları üzrə dünya yarışları), İspaniya (batut gimnastikası üzrə dünya çempionatı-2025 və batut gimnastikası üzrə yaş qrupları üzrə dünya yarışları), Bolqarıstan (yeniyetmələr arasında bədii gimnastika üzrə dünya çempionatı-2025) və Rumıniya (yeniyetmələr arasında bədii gimnastika üzrə dünya çempionatı-2027) qarşıdakı illərdə gimnastika üzrə vacib yarışları qəbul edəcək.
Bütün bu federasiyalar gimnastika dünyasında aktiv iştirak edir və gimnastika yarışlarının təşkilində böyük təcrübəyə malikdir. Şübhə etmirəm ki, bütün tədbirlərin səviyyəsi yüksək olacaq".
Avropa Gimnastikasının prezidenti bu idman növünü baxımlı etmək üçün çalışdıqlarını vurğulayıb: "Aydındır ki, bizim qitədə keçirilən hər tədbir bütövlükdə gimnastikanın inkişafına xidmət edir. Bu, bizim birgə qəbul etdiyimiz bütün qərarlara, Avropanın bütün dünyadakı gələcəkdəki təmsilçiliyinə də aiddir. Məqsədimiz həmişə eynidir - gimnastikanı daha baxımlı və idman dünyasında daha əhəmiyyətli etməkdir".