“Qarabağ” üçün təxirəsalma - TƏHLİL
11 Mart 2024 18:14 İdman"Qarabağ"ın Azərbaycan çempionu adını təmin etməsi təxirə düşüb.
Olaylar.az xəbər verir ki, Qurban Qurbanovun yetirmələrinin artıq XXVII turda 1-ci yeri rəsmiləşdirməsi gözlənilsə də, bu, mümkün olmayacaq.
Buna həftəsonu keçirilən XXVI turun nəticələri səbəb olub. Turnir cədvəlindəki vəziyyət və III dövrənin son turunun təqvimi çempionun 27 turdan sonra müəyyənləşməsinə imkan vermir.
Təxirə düşən çempionluq
"Qarabağ" 11-ci çempionluğu üçün IV dövrənin startını gözləməlidir. Bu, ən tez XXVIII turda baş verə bilər. Qurbanovun yetirmələrinin milli komandaların oyunları ilə əlaqədar fasiləyə çempion kimi getməsi, Novruz bayramınadək qızıl medalları təmin etməsi, sonuncu - IV dövrəni özü üçün formallığa çevirməsinə "Qarabağ"ın qələbəsi də kifayət etməyəcək.
Böyük üstünlük
63 xala malik Ağdam klubu rəqiblərini böyük fərqlə qabaqlayır. "Sumqayıt" 24, "Neftçi", "Sabah" və "Səbail" 26, "Zirə" 27, "Turan Tovuz" 28 xal geridə qalıb. Digər komandalar üçün çempionluq şansı rəsmən bitib.
Dövrənin finişi
III dövrənin son turu martın 15-17-də keçiriləcək. "Qarabağ" səfərdə "Turan Tovuz"un qonağı olacaq. "Zirə" "Kəpəz"i, "Araz-Naxçıvan" isə "Qəbələ"ni qəbul edəcək. Turun ən maraqlı görüşləri isə liderlər qrupunda yer alanların duelləridir. "Neftçi" "Səbail"i, "Sumqayıt" isə "Sabah"ı sınağa çəkəcək.
"Qarabağ" qalib gəlsə...
Avropa Liqasının "Bayer"lə cavab oyundan qayıdacaq "Qarabağ" ağır səfərdən sonra Tovuza yollanacaq. Qurbanovun komandası belə durumda da matçın aşkar favoritidir. Ağdamlılar XXVII turda qələbə qazansalar, "Turan Tovuz" çempionluq şansını rəsmən itirəcək. "Zirə" xal itirsə, qəsəbə təmsilçisi də qərblilərə qoşulacaq.
Derbidə itki ilə son
"Qarabağ" qələbə qazansa, "Neftçi" və "Səbail" arasında paytaxt derbisində xal itirəcək komanda üçün qızıl medal xəyalı tükənəcək. Hər iki komanda liderdən 26 xal geri qalır. Bakılılar heç-heçə oynasalar, hər ikisi üçün "Qarabağ" əlçatmaz olacaq. Derbidə yalnız qalib tərəf IV dövrədə möcüzəyə ümid edəcək.
"Qarabağ" üçün maneə
Lider qalib gəlsə, "Zirə"nin, "Neftçi" və "Səbail"in xal itkiləri ilə onlar üçün əlçatmaza çevrilə bilər. Amma "Sumqayıt"la "Sabah"ın bir-biri ilə görüşməsi çempionun rəsmiləşməsinə mane olacaq. Çünki 39 və 37 xala malik rəqiblərdən ən azı biri "Qarabağ"a çatmaq şansını saxlayacaq. Qurbanovun komandası Tovuzdan qalib dönsə, aktivini 66-ya çatdıracaq. Ağdamlılar "Sumqayıt"la "Sabah"dan ən azı biri üçün əlçatmaz ola bilər. Lakin digəri möcüzə ehtimalını qoruyacaq. "Sabah" yalnız qələbə, "Sumqayıt" uduzmamaqla şansını saxlayacaq. Təbii ki, kağız üzərindəki bu şans artıq XXVIII turda itə də bilər.
Təqvimin təsiri
Göründüyü kimi "Qarabağ" çempion olmaq üçün özü qalib gəlməli, 5 komandadan sərfəli nəticə gözləməlidir. "Sumqayıt" uduzmalı, "Sabah", "Səbail", "Neftçi" və "Zirə" xal itirməlidir. Amma ilk "üçlük"də yer alan "Sumqayıt"la "Sabah"ın hər ikisinin bu şərtə cavab verməsi alınmadığı üçün çempionluğun təmin edilməsi təxirə düşür.
Qeyd edək ki, XXVIII turun oyunları martın 29-31-də keçiriləcək.