Azərbaycan Kubokunu Xankəndində izləmək böyük qürurdur - Vətən Müharibəsi qazisi
21 Dekabr 2023 13:07 İdmanXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
Xankəndiyə gəlmək və Azərbaycan Kubokunu burada izləmək bizim üçün böyük qürurdur.
Olaylar.az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında Birinci Qarabağ Müharibəsinin şəhidi Polad Rzayevin oğlu Vətən Müharibəsi qazisi Tofiq Oğuz deyib.
O qeyd edib ki, biz bu yolları qan tökərək gəlmişdik. Əsgərlərimiz bu torpaqlara qayıtmaq üçün canlarını verib.
"İndi isə sivil yolla gəlmək qürur hissi doğurur. Millətimizin üzündə sevinc görmək çəkdiyimiz əziyyətlərin hədər olmadığını göstərir. Bu yolda bizə rəhbərlik edən Ali Baş Komandan Prezident İlham Əliyevə təşəkkürümüzü bildiririk", - deyə o, əlavə edib.
Qeyd edək ki, bu gün futbol üzrə Azərbaycan Kubokunda 1/8 final mərhələsinə yekun vurulacaq.
Günün ilk matçı Xankəndidə olacaq. Tarixi oyunda "Qarabağ" I Liqa təmsilçisi MOİK-i sınağa çəkəcək.
Azərbaycanın işğaldan azad olunmuş ərazilərində 30 ildən sonra keçirilən ilk futbol matçı kimi tarixə düşəcək görüş saat 14:00-da başlayacaq.